Qlobal istiləşmə sürətlənir –Alimlər xəbərdarlıq edir

Beynəlxalq alimlər qrupu qlobal istiləşmə prosesinin sürətlənməsinə dair əlamətlər aşkar edib. 2015-ci ildən sonra qlobal temperaturun artım tempi əvvəlki onilliklərlə müqayisədə xeyli yüksək olub.

Bu barədə “Bloomberg” portalı məlumat yayıb.

Alimlərin məlumatına görə, 2025-ci ilə qədər olan dövrdə planetdə orta temperatur hər onillikdə təxminən 0,35°C artıb. Müqayisə üçün qeyd olunur ki, 1970–2015-ci illərdə istiləşmə tempi hər on ildə orta hesabla təxminən 0,2°C təşkil edirdi. Tədqiqatın müəllifləri bildirirlər ki, bu nəticə qlobal istiləşmənin sürətlənməsinin statistik cəhətdən ilk əhəmiyyətli təsdiqi hesab olunur.

Temperatur göstəricilərinə görə son illər rekordlarla yadda qalıb. Son üç il instrumental müşahidələrin aparıldığı bütün dövr ərzində ən isti illər olub. 2024-cü ildə Yer kürəsində orta temperatur sənaye inqilabından əvvəlki dövrlə müqayisədə müvəqqəti olaraq 1,5°C həddini keçib. Məhz bu göstərici iqlim üzrə Paris sazişi çərçivəsində kritik hədd hesab olunur.

Tədqiqatçılar uzun müddətdir qlobal istiləşmənin əsas səbəbinin istixana qazlarının emissiyası olduğu barədə ortaq mövqedədirlər. Lakin yaxın vaxtlara qədər temperatur artımının nisbətən sabit templə baş verdiyi düşünülürdü. Son illərdə qeydə alınan rekord istilər alimləri istiləşmə tempinin sürətlənə biləcəyi ehtimalını irəli sürməyə vadar edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.