QMİ məhərrəmlik mərasimini necə idarə edir?

Peyğəmbər nəvəsi Hüseynin və ailəsinin Kərbəlada qətlinin baş verdiyi Məhərrəm ayı başlanıb. Mərasim bu il də Azərbaycanda böyük hüznlə qeyd edilir.

Qafqaz Müsəlmanları İdarəsində Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən iclasda Şeyxülislam Allahşükür Paşazadə Əhli-Beytə ehtiram nümunəsi olan bu ayın Vətən müharibəsi şəhidlərimizin anılması üçün müqəddəs məqam olduğunu qeyd edib, İmam Hüseyn şəhidlik məktəbinin yaşadığının göstəricisi olduğunu ifadə edib.

Qarabağ Zəfərinin müəllifinin müzəffər Azərbaycan Prezidenti, onun müdrikliklə irəli apardığı Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə Vətən müharibəsində qələbəmizin əsas qüvvətverici amillərinin dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyətimiz daxilində milli və dini birlik olduğuna diqqəti çəkib.

QMİ sədri bu dəyərlərin qorunmasının gələcək zəfərlərə doğru addımlamağımız üçün önəmli olduğunu bildirərək din xadimlərinin üzərinə düşən mənəvi vəzifələri xüsusi xatırladıb.

Toplantıda QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar Müraciəti oxunub və qəbul olunub. Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib.

Ölkədə son 3 ildə Aşura mərasimi Pandemiya qaydaları altında qeyd olunub. Bu qaydalara ciddi əməl edən dindarlar və QMİ hər hansı problemin meydana çıxmasına imkan vermədilər.

Bu il Məhərrəm ayı xüsusi xəbərdarlıq qaydaları olmadan keçirilir. Qarşıdakı 10 gündə məscidlər qapılarını imam Hüseyn faciəsni yad etməyə gələn azərbaycanlıların üzünə açacaq.

Bu baxımdan mərasim günlərinin idarə olunması QMİ-nin üzərində xüsusi məsuliyyət qoyur. Belə günlərdə mərasimlərin koordinasıyası ciddi yanaşma tələb edir. Kənar təsirləri önləmək, insanların vahid mövqeyini ortaya qoymaq baxımından QMİ-nin fəaliyyəti mühümdür.

 

Aşura günlərində Allah evlərində Kərbala şəhidləri ilə bərabər Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, Qarabağ şəhidlərinin, 20 yanvar və Xocalı soqyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə insanlarımız öz  vəfa borclarını bir daha nümayiş etdirəcəklər.

Azərbaycanda insan sağlamlığının qorunması üçün iman kamilliyi də öz kömək əlini uzadır. Bu dəfə də minlərlə insan Bakıda, bölgələrdə Aşura günü ilə əlaqədar qanvermə aksiyalarına qatılaraq bu xeyirxahlıq və mərhəmət marafonunda iştirak edəcək, ehtiyacı olanlara qan verəcəklər.

Son illər Məhərrəmlik dönəmində tibbi ehtiyaclar üçün qanvermə kampaniyası ən yaddaqalan aksiyaya çevrilib.

Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə vüsət almış bu aksiya böyük diqqət çəkir. Xəstələrə, ehtiyacı olanlara qanvermə aksiyasına çevrilən bu nəcib təşəbbüs vətəndaşların ciddi dəstəyi ilə müşaiyət olunur. Nəticədə yığılan min litrlərlə qan ehtiyacı olan xəstələrin həyata qaytaran məlhəmə çevrilir.

İnsanların İmam Hüseynə xatir ehsan kimi verdikləri qan ehtiyatı neçə-neçə xəstələrə yeni həyat bəxş edir.

QMİ sədri qanvermə aksiyası ilə islam dünyasında xurafat elementi sayılan, Aşuraya heç bir aidiyyatı olmayan başyarma ənənəsini tarixin arxivinə atıb.

Aşura günü qanvermə aksiyasına digər qeyri-islam dini icmalarının qoşulması vəhdət və dini əməkdaşlığın parlaq tablosuna çevrilir.

Hər dövlət üçün son dərəcə önəmli olan dini sabitlik milli təhlükəsizliyin əsas prioritetlərindən sayılır. Prezident İlham Əliyevin yürütdüyü siyasətin vacib məqamı birgəyaşayışın bu prinsip əsasında təşkilidir. Bunun üçün QMİ-nin çoxillik təcrübəsi və fəaliyyəti bu zəmində vacib faktor kimi çıxış edir.

Dini hisslərin siyasi maraqlar üçün “silaha” çevrlidiyi, mürəkkəb münasibətlərin hökm sürdüyü bu günkü zəmanədə dini sabitlik məkanı olan ölkəmiz dünyada bir çox ölkələr üçün nümunədir.

Tolerantlıq prisniplərinin ardıcıl müdafiəçisi kimi tanınan A.Paşazadə bu həmrəyliyə töhfələrini verən bir şəxs olaraq qiymətləndirilib.

10 gün ərzində müsəlmanlar məscidlərdə toplaşaraq din xadimlərinin başçlığı altında mərasimdə iştirak edəcəklər.

Hazırda regionda baş verən geopolitik savaşın fonunda ənənəvi Aşura mərasiminin qaydalara uyğun və hər hansı radikal hərəkətlərdən uzaq baş tutması vacib məqamdır.

“Yad” çağırışları önləmək, insanların vahid mövqeyini ortaya qoymaq baxımından bu mərasim dini cameənin QMİ-yə etimadı baxımından əlamətdardır.

Ulu öndər Heydər Əliyev 1994-cü ildə Təzəpir məscidində Aşura mərasimində iştirak edərkən çıxışında xalqın bu mərasimi dinimizə və adət-ənənəmizə uyğun olaraq hörmətlə keçirdiyini, həzrəti Hüseyni yad etdiyini demişdi. Bu mərasimin idarə olunmasında QMİ sədrinin fəaliyyətini xüsusi vurğulamışdı.

“Biz Azərbaycanlılar həmin faciəli günü hər il yada salmaqla Vətənə, torpağa, dinimizə, məsləkimizə sədaqətimizi bir daha nümayiş etdiririk. Biz bundan sonra da Qurani-Şərifin, həzrəti Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq.  Azərbaycanın cəsarətli oğulları Vətənimizi müdafiə edir və bu yolda şəhid olurlar. Biz Vətən, torpaq, din yolunda canından keçmiş bütün şəhidlərin şücaəti qarşısında baş əyir, onların xatirəsini qəlbimizdə daim yaşatmağa söz veririk”- deyə Ümummilli liderimiz çıxışında vurğulamışdı.

Aşura günlərində Allah evlərində Kərbala şəhidləri ilə bərabər Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, Vətən Müharibəsində Şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi yad edilir.

Bu il də belə olacaq.

EMİN ABBASOV

 

 

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.