Azərbaycanın ən qədim tarixi irs nümunələrindən olan Qobustan qayaüstü təsvirləri təkcə ov, məişət və ritual səhnələri ilə deyil, həm də qədim insanların dünyagörüşünü əks etdirən simvol və damğaları ilə diqqət çəkir. Bu abidələr arasında xüsusilə Cingirdağ, Yazılıtəpədə yerləşən 55 nömrəli daş üzərindəki araba təsviri və müxtəlif işarələr alimlər üçün böyük elmi əhəmiyyət daşıyır.

Qobustanda 4 min ilə yaxın yaşı olan araba təsviri
Qobustanın Cingirdağ ərazisində, Yazılıtəpədə yerləşən 55 nömrəli daşın cənub-qərb səthində iki təkərli araba təsviri həkk olunub. Ölçüləri təxminən 55 × 1,26 metr olan qayanın üzəri qalın mamır təbəqəsi ilə örtülsə də, dərin oyulmuş xətlər sayəsində təsvir bu gün də aydın seçilir.
Arabanın gövdəsi üçbucaq formasında işlənib və dörd xətlə hissələrə bölünüb. Hər iki təkər isə mərkəzdə yerləşən kiçik dairədən çıxan yeddi şüa ilə təsvir edilib. Arxeoloqlar bu petroqlifi e.ə. II minilliyin son əsrlərinə, yəni təxminən üç-dörd min il əvvələ aid edirlər.
Bu təsvir qədim insanların nəqliyyat vasitələri, texniki bacarıqları və gündəlik həyatı haqqında mühüm məlumat verir.
Qobustanın sirli işarələri nəyi ifadə edir?
Qobustan yalnız insan və heyvan təsvirləri ilə deyil, çoxsaylı işarə, damğa və simvolları ilə də seçilir. Tədqiqatçılar bildirirlər ki, daşlar üzərində həkk olunmuş bu nişanələr qədim dövrlərdə yazının ilkin formaları, ideoqramlar və simvolik məlumat daşıyıcıları kimi istifadə olunub.
Qobustanda qeydə alınmış ən qədim işarələrin tarixi Tunc dövrünə, hətta ondan da əvvəlki mərhələlərə gedib çıxır.

Günəş, Ay və ulduzlara inamın izləri
Qayaüstü damğaların mühüm hissəsi qədim insanların kosmik təsəvvürləri ilə bağlıdır.
Bu işarələrə əsasən yaşayış məskənlərinin yaxınlığındakı qayalarda və kurqan tipli qəbir abidələrinin daşlarında rast gəlinir. Tədqiqatçılar hesab edirlər ki, bu simvollar Günəş, Ay və ulduzlara sitayiş, həmçinin axirət dünyasına inamla əlaqədar yaranıb.
Qobustanda ən çox rast gəlinən nişanələrdən biri kiçik dairədən aşağı doğru uzanan üç şüavari xəttdən ibarət formadır. Bəzi nümunələrdə əvvəl bir şaquli xətt çəkilib, sonra isə onun hər iki tərəfindən ayrılan xətlər əlavə olunub. Bu işarələrin dəqiq mənası hələ də elmi araşdırmaların mövzusudur.
Qobustan qayaüstü təsvirləri qədim insanların həyat tərzini, inanclarını və düşüncə sistemini öyrənmək baxımından dünyanın ən qiymətli arxeoloji komplekslərindən biri hesab olunur. Buradakı araba təsvirləri, damğalar və simvollar minilliklər əvvəl yaşamış insanların mədəniyyətini bu günə daşıyan nadir tarixi mənbələrdir.
N.TALIBOV
Yazıda mənbə olaraq professor R. Abdullayev və S. Şirinlinin müəllifi olduğu “Qobustan, Cingirdağ, Yazılıtəpə – Sonaqaya petroqliflərinin korpusu” elmi aradşırmasından istifadə olunub.

