Qapalı məkanda qrip xəstəsi ilə birgə yaşamaq hər zaman yoluxma ilə nəticələnmir. ABŞ-ın Merilend Universitetinin alimləri müəyyən ediblər ki, aktiv işləyən kondisioner, qızdırıcı və ventilyasiya sistemləri qrip virusunun havada yayılma riskini əhəmiyyətli dərəcədə azalda bilər. AzPost xəbər verir ki, araşdırmanın nəticələri PLOS Pathogens elmi jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində qrip diaqnozu qoyulmuş beş tələbə və sağlam olan 11 orta yaşlı könüllü iki həftə ərzində hotellərin bir mərtəbəsində izolə şəraitdə müşahidə edilib. İştirakçılar gündəlik məişət şəraitini təqlid edərək birlikdə vaxt keçirib, ünsiyyətdə olublar və eyni otaqlardan istifadə ediblər. Buna baxmayaraq, sağlam iştirakçıların heç biri virusa yoluxmayıb.
Alimlər bu nəticəni bir neçə amillə izah edirlər. Əvvəla, xəstə iştirakçılar nadir hallarda öskürüb ki, bu da havaya yayılan virus hissəciklərinin miqdarını azaldıb. Digər tərəfdən, otaqlarda işləyən ventilyasiya sistemləri, qızdırıcılar və havanı qurudan cihazlar virusun konsentrasiyasını qısa müddətdə aşağı salıb. Eyni zamanda, sağlam könüllülərin orta yaşda olması onların infeksiyaya qarşı həssaslığını azaltdığı ehtimal edilir.
Mütəxəssislər bildirirlər ki, qripin əsas yayılma mənbəyi məhz öskürəkdir və xüsusilə havasız, qapalı məkanlarda yoluxma riski yüksəlir. Bu səbəbdən zəif ventilyasiyalı yerlərdə portativ hava təmizləyicilərindən və N95 tipli qoruyucu maskalardan istifadə tövsiyə olunur.
Araşdırma göstərir ki, düzgün hava dövranı və iqlim nəzarəti sistemləri qapalı məkanlarda yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında mühüm rol oynaya bilər.