Qubadlıda qəhrəmancasına həlak olan sonuncu Sovet İttifaqı Qəhrəmanına abidə qoyulacaq

01 İyul 2021 - 13:32

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Poltava vilayətinin Viktoriya kəndində Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın anası Nadiya Babakın 75 illiyi qeyd edilib.

Azpost.info Azərtac-a istinadən bildirir ki, tədbirdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, diplomatlar, səfirliyin hərbi attaşesi polkovnik İlqar Ağayev, Oleq Babakın valideynləri, yaxınları, yerli ictimaiyyətin nümayəndələri, Poltava Şəhər Administrasiyasının rəsmiləri, eləcə də KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları O.Babakın məzarı üzərinə tər çiçəklər düzüblər. O.Babakın Azərbaycanın Qubadlı rayonunda mülki şəxsləri erməni silahlılarından qoruyarkən göstərdiyi qəhrəmanlığı xatırlanıb. Qeyd edilib ki, Oleq Babak yerli kənd camaatı ilə birgə təxminən 70 erməni silahlısının mühasirəsinə düşüb. Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir azərbaycanlının əsir düşməsinə imkan verməyərək, son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub.

Sonra Oleq Babakın yaşadığı evə gələn iştirakçılar qəhrəmanın anası Nadiya Babakı 75 illik yubileyi münasibətilə təbrik ediblər. Səfirlik tərəfindən Nadiya Babaka hədiyyələr təqdim olunub. Səfir Elmira Axundova bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Oleq Babakın ailəsi hər zaman diqqət mərkəzində saxlanılır.

“Artıq Oleq Babakın ruhu da şaddır, çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz işğal altındakı torpaqlarımızı, o cümlədən Qubadlı rayonunu azad edib. Qubadlının Yuxarı Cibikli kəndində Oleq Babakın adının əbədiləşdirilməsi üçün artıq müvafiq qurumlara müraciət olunub. Oleq Babakın Qubadlıda büstünün qoyulması və ya hər hansı küçəyə onun adının verilməsi üçün lazımi işlər görülür”, – deyə səfir əlavə edib.

Göstərilən diqqətə görə təşəkkürünü bildirən Nadiya Babak Oleq Babakın ailəsinin hər zaman Azərbaycan dövlətinin qayğısını hiss etdiyini vurğulayıb.

Qeyd edək ki, O.Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilayətində anadan olub. SSRİ xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan O.Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 1991-ci il aprelin 7-də Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra mülki şəxsləri qoruyub.

SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının leytenantı Oleq Babak SSRİ Prezidentinin 1991-ci il 17 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.