“Qumların Atlantidası” tapıldı- Səhrada itirilmiş şəhər üzə çıxdı

Səhra
Səhra

Ərəbistan yarımadasında 5 min il əvvəl mövcud olmuş inkişaf etmiş sivilizasiya tərəfindən inşa edilən və illərlə itkin hesab edilən qədim şəhərin qalıqları aşkar edilib. Rub əl-Xali səhrasının dərinliklərində üzə çıxarılan bu sirli arxeoloji tapıntı “Qumların Atlantidası” adlandırılır.

AzPost xəbər verir ki, ilk izlərə 2002-ci ildə Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun səhranın üzərindən uçarkən qeyri-adi qara sahə və kumullar müşahidə etməsi nəticəsində rast gəlinib. Bu, Saruq Əl-Hədid kimi tanınan ərazidə aparılan tədqiqatların başlanğıcına səbəb olub. Arxeoloqlar burada mis və dəmir əritməsinə aid izlər, eləcə də qədim insan fəaliyyətinin dəlillərini aşkarlayıblar.

Sözügedən ərazi dünyanın ən böyük səhralarından biri olan Rub əl-Xalinin 250 min kvadrat millik sahəsində yerləşir. Arxeoloqlar bu bölgənin səthindən üç metr dərinlikdə qədim yaşayış izlərini müəyyən ediblər. Rəvayətlərdə Ubar adlandırılan şəhərin ya təbii fəlakət, ya da Tanrının cəzası nəticəsində qumun altına basdırıldığı bildirilir. Ərəbistanlı Lourens kimi tanınan ingilis zabiti T.E. Lourens bu əfsanəvi şəhəri “ölçüsüz sərvətlərin məhv olduğu yer” kimi təsvir edib.

Müasir elmi texnologiyalar sayəsində bu mif real tarixi faktlara çevrilməyə başlayıb. Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Universitetindən olan alimlər sintetik aperture radar (SAR) və yüksək ayırdetməli peyk görüntüləri vasitəsilə bu strukturların konturlarını aşkar ediblər. Radar məlumatları süni intellektlə təhlil edilərək arxeoloji obyektlər və metal konstruksiyalar aydın şəkildə müəyyən olunub.

Tədqiqatın müəlliflərindən Dr Diana Francis bildirib ki, əraziyə yerüstü çıxışın çətinliyi səbəbindən peyk görüntüləri və uzaqdan zondlama texnologiyaları burada aparılan arxeoloji işlər üçün əvəzsiz vasitəyə çevrilib. Nəticədə, əvvəllər məlum olmayan yaşayış məntəqələri və yollar üzə çıxarılıb.

Qazıntılar zamanı əsas qaya təbəqələri, qum təpələri, gips yataqları və çoxsaylı artefaktlar, eləcə də heyvan sümükləri və qədim metal əşyalar tapılıb. Alimlər qeyd edirlər ki, bu ərazidə min illər əvvəl bir-biri ilə əlaqəli kompleks cəmiyyətlər mövcud olub.

Hazırda kəşf olunan yeni ərazilərdə rəsmi qazıntı işlərinə icazə verilib. Bu tapıntılar Ərəbistan yarımadasının qədim sivilizasiyaları haqqında mövcud elmi təsəvvürləri yenidən formalaşdırmağa imkan verir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.