“Rəfsəncani Yeltsindən xahiş etdi ki, Şuşanın işğalına müdaxilə etsin” –Ali Sovetin sabiq sədri Yaqub Məmmədov

“1992-ci ildə bir çox dövlətlər Qarabağ məsələsində vasitəçilik etmək istəyirdi, hətta Vatikan öz vasitəçiliyini təklif etmişdi. Lakin İranın vasitəçiliyi daha məqbul görünürdü. Prezident Rəfsəncani bu danışıqları təşkil etmək üçün bütün səyləri göstərdi.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan Ali Sovetinin sabiq sədri Yaqub Məmmədov haqqın.az-a müsahibəsində Şuşanın işğalı ərəfəsində olan danışıqlar prosesi barədə danışarkən deyib.

Y.Məmmədovun sözlərinə görə, Rəfsəncani Azərbaycan və Ermənistan tərəflərinin yüksək səviyyəli görüşünü təşkil etmək üçün özünün şəxsi nümayəndəsi Mahmud Vaizini və XİN rəhbəri Əli Əkbər Vilayətini Bakıya göndərib.

“1992-ci ilin mayında İranın vasitəçiliyi ilə biz Tehranda Levon Ter-Petrosyanla görüşdük. Atəşin dayandırılması haqda razılaşma əldə etdik. Razılaşmanın altına mən, Ter-Petrosyan və Rəfsəncani imza atdı. Sənəddə Ter-Petrosyan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı. Bu, razılaşmanın çox mühüm aspekti idi”.

Lakin Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranı tərk etməyə hazırlaşanda Şuşanın işğal edildiyi haqda xəbəri alır. Bu haqda dərhal onu yola salmağa gələn Rəfsəncaniyə məlumat verir: “Mən gördüm ki, o, aldığı xəbərdən necə sarsıldı. İran prezidenti dedi ki, elə indi Ter-Petrosyanla əlaqə saxlayıb nə baş verdiyini aydınlaşdırmağa çalışacaq. Mənim yanımda Ter-Petrosyana zəng vurdu və onunla farsca danışmağa başladı. Söhbəti bitirəndən sonra Rəfsəncani dedi ki, Ermənistan prezidenti Qarabağdakı situasiyanın onun nəzarətindən çıxdığı haqda and-aman edir, lakin deyir ki, nəsə etməyə çalışacaq. O, daha sonra Rusiya prezidenti Yeltsinlə əlaqə saxlayıb xahiş etdi ki, situasiyaya müdaxilə etsin. Lakin sonra nəyin baş verdiyi məlumdur. Mən hakimiyyətdən getməli oldum, Rəfsəncaninin missiyası isə təəssüf ki, uğurlu olmadı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aktyorlar film çəkilişi üçün kosmosa uçdular –

Sonrakı məqalə

Papa kilsələrdəki pedofil keşişlərə görə əzab çəkdiyini deyib