Rabitabank müştərilərindən biri şəxsi sosial media hesabında bankla bağlı ciddi narazılıq paylaşıb. AzPost xəbər verir ki, Rauf Osmanov adlı vətəndaşın sözlərinə görə, ay sonu balansında 47-50 manat arasında cashback məbləği olduğu halda, bank tərəfindən hesabına cəmi 28 manat köçürülüb.
Şikayətçi bildirib ki, Rabitabank sistemində ay başa çatdıqdan sonra növbəti 3 iş günü ərzində toplanmış cashback vəsaiti müştərinin xüsusi cashback kartına köçürülür. Lakin bu dəfə hesablanan məbləğ gözləniləndən az olub.
Müştərinin iddiasına görə, bank geri qaytarılan məbləğləri əsas gətirərək, cashback-in azaldıldığını bildirib. Rauf Osmanovun qeyd etdiyi kimi, cəmi iki geri qaytarılma olub – biri 62.77 manat, digəri isə 65.96 manat. Bu məbləğlər üçün hesablanan cashback-lər isə müvafiq olaraq 63 qəpik və 66 qəpik təşkil edir. Toplamda isə cəmi 1.29 manat cashback azaldılmalı idi.
Lakin əvəzində, müştərinin hesabında 20-22 manatlıq fərq yaranıb. “Mən ay sonu balansımı kontroldan keçirməli deyiləm ki, görüm bank məni aldadır, ya yox”, – deyə Rauf Osmanov bildirib.
O, hesab edir ki, bu cür hallarla təkcə onun yox, digər müştərilərin də üzləşməsi ehtimalı var. “Kim tutar, tutar, kim tutmaz da, 1-0 əla” deyə ironik şəkildə statusuna əlavə edib.
Məsələ ilə bağlı Rabitabank hələlik açıqlama verməyib. Müştərinin müraciətindən sonra isə ona qaynar xətt əməkdaşları tərəfindən geri qaytarılmalar səbəbi ilə fərqin yarandığı bildirilib.