Bakıda fəaliyyət göstərən “Rahat” supermarketlər şəbəkəsində istehlakçı hüquqlarının pozulması faktı qeydə alınıb. AzPost xəbər verir ki, marketdə qida məhsulu kassada üzərindəki qiymətdən baha satılıb.
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, bu hal “ANC Group” MMC-nin fəaliyyətində istehlakçının az miqdarda aldadılması kimi qiymətləndirilib. Araşdırmalar nəticəsində şirkət barəsində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən inzibati xəta protokolu tərtib olunub.
Agentlik bildirir ki, malın etiketində göstərilən qiymətlə kassada ödənilən məbləğ arasında fərq olub və bu, birbaşa istehlakçının maraqlarına ziddir.
Hazırda şirkətə qarşı inzibati tədbirlər görülməsi istiqamətində işlər davam etdirilir. Mütəxəssislər bu cür halların istehlakçı etibarını zədələdiyini və ictimai nəzarətin gücləndirilməsinin vacibliyini bildirirlər.