Ramazan günlərində imsakda və iftarda mütləq lifli qidalar qəbul etmək lazımdır. Qatığın və ayranın tərkibindəki faydalı bakteriyalar, eyni zamanda ərik, xurma kimi meyvələr mədə-bağırsaq sisteminin nizamlı işləməsinə kömək olacaq. Menyuda çiy tərəvəzlərə də yer ayırmaq lazımdır.
Həkim-fitoterapevt Fizuli Hüseynov gün boyu tox tutan, uzun müddət acdırmayan əsas qidalar haqqında deyib: “Həmin qidaların içərisində yumurta xüsusi əhəmiyyət daşıyır və ən keyfiyyətli zülal qaynağı hesab olunur. İmsak üçün qaynadılmış yumurta, ya da qayğanaq uyğun seçim ola bilər. Yulaf əzməsinin lif dəyəri çox yüksəkdir və orqanizmin həzm etməsi üçün çox vaxt lazımdır. Onun qəbulu qan şəkərini nizamlayır və immuniteti gücləndirir.
Quru lobya, noxud, mərcimək kimi paxlalılar yüksək miqdarda lif qaynağıdır, həm də bitki mənşəli zülalla zəngin olduğu üçün aclıq hissini yubadır. Badam, qoz kimi meyvələr sağlam yağ və vitamin mənbəyidir. İmsakda az miqdarda badam, fındıq və qoz yemək uzun müddət tox qalmağa kömək edir”.
Yaşıl tərəvəzlər və göyərtilərin tərkibində çoxlu miqdarda su var və ona görə də çox kalori vermədən asan doydurur. Bundan başqa liflə zəngin olduğu üçün uzun müddət həzm edilir və tox tutur. Xüsusilə imsakda qabıqları ilə yeyilən alma da tox qalmağa kömək edir.
“Zülal qaynağı olmağı ilə yanaşı çox yaxşı kalsium və D vitamini anbarı olan süd, qatıq və kefir uzun müddət tox tutan qidalardandır. Səhərlər bir stəkan süd içmək, yaxud bir kasa qatıq yemək də faydalıdır. Pendir, süzmə kimi məhsullar da mədədə gec həzm olur və bu da öz növbəsində toxluq müddətini uzadır”,- deyə həkim-fitoterapevt bildirib.