Ramiz Mehdiyevin qızı Ədliyyə Nazirliyini məhkəməyə verib

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva Ədliyyə Nazirliyini məhkəməyə verib.

Azpost.info Gununsesi.info-ya istinadən xəbər verir ki, buna səbəb Bakı Oksford Məktəbinin (Baku Oxford School) binasının əlindən alınmasıdır.

54 yaşlı K.Əliyeva eyni şikayətdə Ədliyyə Nazirliyi ilə yanaşı, “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri, 3 ilə yaxındır həbsdə olan işadamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanı da cavabdeh kimi məhkəməyə verib.

Məktəbdəki 100 faizlik payın yarısı K.Əliyevada, yarısı isə M.Məmmədovadır. 2022-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi R.Məmmədov haqqında hökm çıxaranda onun özü və yaxınlarının adına olan xeyli əmlakın da müsadirəsinə qərar verilmişdi. Müsadirə olunan əmlaklar arasında Bakı Oksford Məktəbinin binası da vardı.

K.Əliyeva şikayətində göstərib ki, ona məxsus əmlak icra xidməti tərəfindən satışa çıxarılıb. R.Məmmədovun Bakı Oksford Məktəbinə aidiyyəti olmadığı halda, məhkəmə onunla bağlı cinayət işi üzrə bu əmlakı müsadirə edib. K.Əliyeva baş verənləri mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirir.

Səbail rayon Məhkəməsi K.Əliyevanın Ədliyyə Nazirliyi və M.Məmmədovaya qarşı iddiasına baxmaqdan imtina edib. Bu barədə Gununsesi.info-ya Səbail rayon Məhkəməsindən bildirilib.

Bundan sonra K.Əliyeva sözügedən hökmü çıxarmış Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə göndərib. Bakı Oksford Məktəbində 50 faizlik paya sahib olduğunu və müsadirə qərarından şikayət vermək hüququnu vurğulayıb. Lakin onun bu müraciəti də nəticəsiz qalıb.

Əvvəlki məqalə

NATO gələn həftədən nüvə təlimlərinə başlayır

Sonrakı məqalə

Quduzluq xəstəliyi ilə mübarizə necə aparılmalıdır?