Çeçenistan lideri Ramzan Kadırov 20 yaşlı oğlu Axmatı Çeçenistan Baş nazirinin müavini vəzifəsinə təyin edib.
AzPost bildirir ki, bu barədə Kadırov açıqlama verib. Axmat Kadrov həmçinin Çeçenistan Bədən Tərbiyəsi və İdman naziri vəzifəsini saxlayacaq.
Regional milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Çeçenistan Baş nazirinin müavini vəzifəsini icra edən təyin edilib.
Kadırov qeyd edib ki, hər iki təyin olunmuş şəxs geniş idarəetmə təcrübəsinə, bir sıra müstəsna peşəkar keyfiyyətlərə, işə sistemli yanaşmaya və yüksək məsuliyyətə malikdir.
Kadırovun övladları və qohumları müntəzəm olaraq Çeçenistanda mühüm vəzifələrə təyin olunur və yüksək regional mükafatlar alırlar. Məsələn, Ramzan Kadırovun qızı Xadicət 24 yaşında Çeçenistan Prezident Administrasiyası və hökuməti rəhbərinin birinci müavini təyin edilib. 18 yaşında Axmat Kadırov Çeçenistanın İdman nazirinin müavini və Gənclər İşləri naziri, eləcə də Axmat futbol klubunun prezidenti olub. Kadırovun digər oğlu Adam Kadırov 16 yaşında atasının “təhlükəsizlik rəisi” idi. Daha sonra Ramzan Kadırov onu Qudermesdəki Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin nəzarətçisi təyin etdi. O, həmçinin Qəzza zolağı sakinlərinə humanitar yardım üçün vəsait toplamağa nəzarət edir.