Rauf Arifoğlu “Atəşgah” şirkətini sərt tənqid etdi- “Xaricdə xəstələnmək olmaz”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu səfər zamanı tibbi sığortadan istifadə ilə bağlı narazılığını açıqlayıb.

Rauf Arifoğlu sosial şəbəkə hesabında paylaşdığı yazıda illərdir xaricə səfərləri zamanı ABB tətbiqi üzərindən “Atəşgah” sığorta şirkətinin səfər sığortasını aldığını bildirib. Onun sözlərinə görə, hər səfərdən əvvəl 22 manata premium paket əldə edib.

Baş redaktor son xarici səfərində yüngül başgicəllənmə hiss etdiyini və uçuşdan əvvəl müayinədən keçmək qərarına gəldiyini qeyd edib. O, Bakıda məsləhətləşdiyi həkimlərin də təyyarəyə minməzdən əvvəl müayinədən keçməsini tövsiyə etdiyini yazıb.

Arifoğlu bundan sonra sığorta şirkətinə müraciət etdiyini, lakin prosesin onun üçün gözlədiyindən daha uzun və problemli olduğunu bildirib.

Onun sözlərinə görə, müraciətdən təxminən iki saat sonra hotelindən 65 dəqiqəlik məsafədə yerləşən xəstəxanaya yönləndirilib. Arifoğlu həmin tibb müəssisəsində MRT aparatının olmadığını müəyyən etdiyini və hotelə cəmi 2 kilometr məsafədə daha imkanlı xəstəxananın olduğunu bildirərək sığorta şirkətindən ora göndərilməsini istəyib.

Paylaşımda diqqət çəkən məqamlardan biri də sığorta şirkəti ilə ünsiyyət məsələsidir. Arifoğlu yazışmaların və telefon danışıqlarının əsasən ingilis, rus, bəzi hallarda isə türk dilində aparıldığını bildirib.

“Bir Azərbaycan şirkəti düşünün, onunla öz dilimizdə yazışmaq, danışmaq mümkün olmasın”, – deyə o, narazılığını ifadə edib.

Baş redaktorun sözlərinə görə, müraciətindən bir neçə saat keçdikdən sonra artıq təyyarənin uçuş vaxtı yaxınlaşıb. O, nəticədə öz qərarına və həkim Zülfüqar Yusifovun məsləhətinə güvənərək hava limanına getdiyini yazıb.

Arifoğlu qeyd edib ki, təyyarəyə çatmasına az qalmış sığorta şirkətindən mesaj gəlib və istədiyi şəhərdəki klinikada onu gözlədikləri bildirilib. Lakin həmin vaxt onun sözlərinə görə, ilkin müraciətdən artıq dörd saat keçib və təyyarənin qapısı bağlanıb.

Baş redaktor Bakıya qayıtdıqdan sonra müayinə olunduğunu və səhhətində ciddi problemin aşkarlanmadığını bildirib.

O, yaşadığı hadisənin nəticəsində xaricə səfər edən zaman sığortaya güvənməklə bağlı ciddi suallarının yarandığını vurğulayıb.

“Bu prosesdə anladım ki, bizim sığorta şirkətlərinə, ən azı, Atəşgaha arxayın olub, xaricdə xəstələnmək olmaz”, – deyə Rauf Arifoğlu paylaşımının sonunda yazıb.

Qeyd edək ki, Arifoğlunun paylaşımında səfər sığortasının konkret şərtləri, müraciətin hansı ölkədə edildiyi göstərilməyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.