“Bu gün burada danışmaq böyük şərəfdir. İyirmi ildir bu təşkilatda Azərbaycan nümayəndə heyəti ilə ölkəmizi təmsil edirik. 20 il əvvəl Azərbaycan bu təşkilata üzv olanda, böyük ağrıları var idi, torpaqları işğal altında idi. Bu illər ərzində burada ədalətsizliklərlə üzləşmişik, onun şahidi olmuşuq. Ədalətin bərpa edilməsinə çalışmışıq. Həmişə Avropa Şurasına böyük ağrılarla gəlmişik. Bu gün son dərəcə qürurluyam, ərazi bütövlüyünü, ədaləti bərpa edən ölkənin nümayəndəsi kimi fəxr edirəm”.
Azpost.info Azərtac-a istinadən bildirir ki, bu fikirləri ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyanın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurlarının inkişafına dair müzakirədə bəzi deputatların qərəzli çıxışlarına münasibət bildirərkən səsləndirib.
Monitorinq Komitəsinin rolu getdikcə daha vacib olduğunu söyləyən Səməd Seyidov deyib: “Bu gün artıq müharibə haqqında düşünməməliyik. Çünki artıq sülh razılığı əldə olunub. Azərbaycan və Ermənistan arasında bəyanat imzalanıb. İndi etimadın bərpası, yeni mühiti yaratmaq haqqında düşünməliyik. Regionumuza Avropa Şurasının dəyərlərini gətirməliyik. Ancaq təəssüflər olsun ki, bəzi qrupların gərginliyi hələ də səngiməyib. Onlar vəziyyəti gərginləşdirməyə çalışırlar. Mövcud sülh prosesinə manelər yaratmağa çalışırlar. Bu kontekstdə düşünürəm ki, cənab Jensen tərəfindən təqdim edilən münaqişə ilə bağlı məruzə müəyyən tarazlığa xidmət edir. Bu, çox vacibdir. AŞPA-dakı həmkarlarımdan, dostlarımdan xahiş edirəm ki, belə tarazlığı qoruyub saxlasınlar. Tərəfkeşlikdən yayınsınlar. Yalnız tarazlığa riayət etməklə iki xalq arasında körpü yaratmaq olar”.