Rusiya-Çin əlaqələri demokratik ölkələri niyə narahat edir? –-TƏHLİL

ABŞ-ın “Bloomberg” agentliyi “Niyə Rusiya ilə Çin arasında sıx əlaqələr demokratik ölkələri narahat edir?” başlıqlı məqalə yayıb. Məqalənin müəllifi agentliyin şərhçisi Mark Çempiondur. 

Azpost.info məqaləni təqdim edir:

Əsrlər boyu rəqib olmuş Çinlə Rusiya indi – Çin Xalq Respublikasının sədri Si Cinpinlə Rusiya prezidenti Vladimir Putinin bu ilin fevralında imzaladığı birgə bəyanatda qeyd edildiyi kimi – hüdudsuz tərəfdaşlığa keçib.

Çin və Rusiya ABŞ-ın soyuq müharibədən sonra qurduğu siyasi düzənin ən azı bir hissəsini məhv etməyə çalışır. Dünyanın bu ən güclü iki avtoritar dövləti arasında son on ildə enerji sahəsində, hərbi, siyasi sahələrdə inkişaf edən əlaqələr Vaşinqtondan Tokioya qədər demokratik ölkələri ciddi şəkildə qayğılandırır.

Cinpinlə Putinin fevraldakı birgə bəyanatından dərhal sonra Rusiya Ukraynaya qoşun yeritdi. Çin isə bu addımı qınamaqdan boyun qaçırdı. Bununla belə, müharibə başlanandan bəri Pekinin öz müttəfiqinə – Moskvaya verdiyi dəstək heç də hədsiz-hüdudsuz deyil.

Çini Rusiya ilə birləşdirən nədir?

Rusiya ilə Çin arasında yaxınlaşma 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra start götürdü. Vaşinqtonla Pekin arasında soyuqluq 2008-ci ildə ABŞ-dakı maliyyə böhranından sonra daha qabarıq şəkil aldı. O vaxt Çin və Rusiya belə qənaətə gəldilər ki, böhran bütün dünyada Amerika iqtisadi-siyasi modelinə inamı sarsıdacaq. Moskva ilə Pekin öz əlaqələrini 2014-cü ilə qədər ehtiyatla genişləndirməkdə davam etdilər.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdi, nəticədə sanksiyalara məruz qaldı, Moskva ilə Qərb arasında dərin uçurum yarandı. Bu situasiya Moskvanı yeni tərəfdaşlar və xüsusilə enerji ixracında yeni bazarlar axtarmağa məcbur etdi. Rus mallarının və silahlarının alıcısı kimi Çin daha uyğun gəlirdi.

İki dövlətin ABŞ-ın başçılıq etdiyi alyanslara qarşı mövqeyi, yəni düşmənçiliyi də üst-üstə düşürdü. Rusiya ilə Çin hesab edirlər ki, ABŞ-ın müttəfiqləri əslində onların təsir dairəsində olmalıdır. Rusiya ABŞ-ın NATO-dakı müttəfiqlərinə, Çin isə ABŞ-ın Hind okeanı-Sakit okean regionunda ikitərəfli müdafiə müqavilələri bağladığı ölkələrə öz təsir dairəsində olmalı dövlətlər kimi baxır.

Aralarında rəsmən ittifaq müqaviləsi olmasa da, Çin-Rusiya tərəfdaşlığı Cinpinlə Putinin şəxsi əlaqələri hesabına güclənməkdədir.

Putinlə Cinpin arasında yaxınlıq nədən qaynaqlanır?

Hər iki şəxsin uşaqlıq illəri çox problemli keçib. Putin də, Cinpin də Amerika və Avropanın onları alçaltdığını düşünür və buna son qoymağa çalışır. Hər iki lider öz ölkəsində müxalifləri əzmək və öz millətinin hegemonluğunu geri qaytarmaq əzmində olduğunu nümayiş etdirir.

İndiyədək Putinlə Cinpin 30 dəfədən çox görüşüblər, Çin torpağında birlikdə düşbərə büküb, Rusiya torpağında blinçik hazırlayıblar. 2019-cu ildə Cinpin Putini “ən yaxın dostu” adlandırıb. 2022-ci ilin fevral bəyannaməsində onlar Qərbin demokratik ideyalarına ağız büzüblər.

Cinpinlə Putin demokratiyanı seçkilərdən, müstəqil məhkəmələrdən və azad mediadan asılı bir proses kimi qəbul etmir. Onların fikrincə, əsas məsələ iqtisadi inkişafdır və cəmiyyətin siyasi həyatda iştirakının istənilən modeli eyni dərəcədə etibarlıdır.

İki ölkə arasında tarixi münasibətlər necə olub?

19-cu əsrdə Rusiya Çinin Sin sülaləsini təslimçi müqavilələr bağlamağa, o cümlədən hazırda Vladivostok şəhərinin yerləşdiyi ərazini Rusiyaya güzəştə getməyə məcbur edən Avropa dövlətləri sırasında yer alıb.

1949-cu ildə Mao Tzsedun Sovet İttifaqının lideri İosif Stalinin timsalında müttəfiq taparaq Çin Kommunist Partiyasını hakimiyyətə gətirəndən sonra iki ölkə arasında münasibətlər qısa müddətə yaxşılaşıb. 1953-cü ildə Stalin öləndən sonra SSRİ-də şəxsiyyətə pərəstişin ləğvi yönündə siyasi islahatlar başlananda isə Mao bunu bəyənməyib və 1961-ci ildə Pekin Moskvadan uzaqlaşıb.

1969-cu ildə Çinlə SSRİ sərhəddə mübahisəli ərazilər uğrunda qısamüddətli müharibə aparıb. 1972-ci ildə Çin ağlasığmaz addım ataraq üzünü ABŞ-a sarı çevirib. Yalnız 1980-ci illərdə, SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun dövründə Pekinlə Moskva arasında buzlar yenidən əriməyə başlayıb.

Çinlə Rusiya bir-birinə nə təklif edə bilər?

2014-cü ildən Rusiya Çinə 5 milyard dollar həcmində qabaqcıl silah sistemləri, o cümlədən S-400 hava hücumundan müdafiə kompleksləri və Su-35 hücum təyyarələri satıb.

Krımın ilhaqından iki ay sonra Rusiyanın “Qazprom” şirkəti “Sibirin gücü” adlanan boru kəməri vasitəsilə Çinə təbii qaz ixrac etmək üçün 400 milyard dollarlıq müqavilə imzalayıb. Sonra ikinci boru kəməri üzrə də müqavilə bağlanıb. Bundan əlavə, hər iki ölkə BMT Təhlükəsizlik Şurasında öz mövqelərini daha yaxından uzlaşdırmağa başlayıb. Həm Çin, həm də Rusiya Təhlükəsizlik Şurasında veto hüququna malikdir.

Demokratik qüvvələr nədən narahatdır?

Amerikanın bəzi siyasətçiləri ehtiyat edirlər ki, Çin və Rusiya arasında genişlənən əməkdaşlıq Vaşinqtonu iki cəbhədə müharibə aparmaq məcburiyyətində qoya bilər. Məsələn, Tayvana görə Çinlə qarşıdurma kəskinləşsə, Rusiya Vaşinqtonun diqqətini yayındırmaq üçün Amerikanın Avropadakı müttəfiqlərini təhdid altına ala bilər.

2021-ci ildə amerikalı senator Cim İnhof bəyan etmişdi ki, Çinlə Rusiya birlikdə müdafiə sahəsinə ABŞ-dan çox vəsait xərcləyir.

Amma daha geniş bir narahatlıq da var: hesab olunur ki, Rusiya və Cinin iqtisadi, hərbi və siyasi sahələrdə gücü birləşdirməsi başqa dünya liderlərini avtoritarizmə həvəsləndirə, demokratiyaya bir siyasi sistem kimi inamı sarsıda, habelə ABŞ və müttəfiqlərinin soyuq müharibədən sonra formalaşdırdığı beynəlxalq nizamı poza bilər.

Ukrayna müharibəsi Rusiya-Çin münasibətlərinə necə təsir göstərir?

Çin Rusiyanın Ukraynaya hücumunu pisləmir, əksinə, bu müharibənin günahını ABŞ-ın, NATO-nun üzərinə atır. Pekin həmçinin dolayısı ilə Moskvanın hərbi maşınına maliyyə yardımı göstərir, bəzi ölkələrin imtina etdiyi Rusiya neftini alır.

Lakin Si Cinpin müharibəni qeyd-şərtsiz dəstəkləmək və ya ABŞ-la Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının maliyyə təsirini azaltmaq meylində də deyil. Ümumi daxili məhsulu Rusiyadan səkkiz dəfəyədək artıq olan Çinin dünya iqtisadiyyatında payı əhəmiyyətli dərəcədə çoxdur. Dünya iqtisadiyyatı isə hələ ki, ABŞ-ın və digər qabaqcıl demokratik ölkələrin hökmranlığı altındadır.

Əvvəlki məqalə

Şuşaya həsr olunmuş “Bu qala bizim qala” sənədli filmi hazırlanıb

Sonrakı məqalə

Heydər Əliyev adına Sarayın direktoru vəzifəsindən azad edilib