Dünən – Rusiya və Finlandiya arasında 4 quru keçid məntəqəsinin bağlanmasından bir gün əvvəl sərhədə 163 qaçqın gəlib.
Azpost.info xəbər verir ki, bu barədə Finlandiya sərhəd mühafizəsi məlumat yayıb.
Məlumata görə, bu, sığınacaq istəyənlərin sayının rekord göstəricisidir.
Sərhəd rəsmiləri bu rəqəmin əvvəlki günlərlə müqayisədə xeyli çox olduğunu bildiriblər. Belə ki, noyabrın 16-da Finlandiya və Rusiya sərhədinə sığınacaq istəyən 26 nəfər gəlibsə, noyabrın 15-də onların sayı 75 olub. Noyabrın 14-də isə sərhəddə 50 sığınacaq axtaran şəxs qeydə alınıb.
Finlandiya hakimiyyətinin Rusiya ilə sərhəddəki səkkiz keçid məntəqəsindən dördünü bağlamaq qərarı noyabrın 16-da məlum olub. Noyabrın 18-də onların hamısı işlərini dayandıracaqlar.
Helsinki bildirib ki, bu qərar sığınacaq tələbləri ilə şərq sərhədinə gələn üçüncü ölkə vətəndaşlarının sayının artması ilə bağlıdır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə qeyd edib ki, bu cür hərəkətlər Moskvanın cavab tədbirlərinə səbəb olacaq.
Azpost.info