Rusiya miqrantlarla bağlı qaydaları sərtləşdirir- Yeni qanunda hansı qadağalar olacaq?

Əməkçi miqrantlara təqvim ili ərzində Rusiyada 90 gündən artıq qalmaq qadağan ediləcək.

Azpost.info xəbər verir ki, qanunu pozacaqları təqdirdə isə onlar məhkəmə qərarı olmadan ölkədən çıxarılacaqlar.

Miqrasiya siyasətinin bu cür sərtləşdirilməsi Rusiya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış və artıq baxılmaq üçün hökumətə təqdim edilmiş qanun layihəsində nəzərdə tutulur.

Rusiya DİN-in nümayəndəsi İrina Volk bildirib ki, sənəd Rusiyaya daxil olarkən biometrik fərdi identifikasiyanın tətbiqi, həmçinin əcnəbinin rəqəmsal profilinin yaradılması üçün hüquqi əsas yaradır. Bundan başqa, miqrantlarla bağlı inzibati nəzarət qurulacaq, bu da polisə həvalə olunacaq.

Müəyyən kateqoriyadan olan əcnəbilər üçün nəzarətli qalma rejimi tətbiq ediləcək. Eyni zamanda, əcnəbi işçi qüvvəsi cəlb edən işəgötürənlərin üzərində nəzarətin gücləndirilməsi gözlənilir.

Öz növbəsində, dövlət orqanlarına, təşkilatlara, fiziki və hüquqi şəxslərə miqrasiya qanunlarını pozanlara hər hansı xidmət göstərməsi, onların Rusiya ərazisində qalmasının qanuniləşdirilməsinə köməklik göstərməsi qadağan ediləcək.

Qanun pozuntusu halında əcnəbilərdən Rusiyaya daxil olmaq, ölkədə qalmaq və yaşamaq hüququnun mümkün məhdudlaşdırılması ilə bağlı müqavilə imzalamaları tələb olunacaq.

Hazırda miqrantlar sərhədi keçdikləri andan Rusiyada 90 gün qala bilərlər. Əmək müqaviləsi bağlanarsa, müddət bir ilə qədər uzadıla bilər.

“Krokus Siti”də 144 nəfərin ölümü və 551 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra Rusiya hakimiyyəti miqrantlara diqqəti artırmağa başlayıb. İstintaqın məlumatına görə, terror aktını birbaşa törədənlər dörd Tacikistan vətəndaşı olub. İşdə ümumilikdə 11 nəfərin adı keçir, daha 9 nəfər Tacikistanda saxlanılıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.