qaz nəqli
ABŞ qarşıdan gələn qış ərəfəsində enerji obyektlərinə hücumların dayandırılmasını təmin etməyə yönəlmiş mümkün razılaşmalar çərçivəsində Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya ixracının tezliklə bərpa edilməsi ideyasını dəstəkləyir.
Bu barədə The Wall Street Journal (WSJ) qəzetinin məlumatlı mənbələri bildiriblər.
Onların sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner bu ideyanı sentyabr ayında Moskvaya səfərləri zamanı təqdim ediblər. Təklif Rusiya qazının ABŞ vasitəçiliyi ilə Avropa sanksiyalarından yan keçməklə satılmasını nəzərdə tutur. Nəşrin mənbələri hesab edirlər ki, bu, amerikalı investorlar üçün də sərfəli imkan yarada bilər.
Qəzet yazır ki, oktyabr ayında bu təşəbbüs ikinci plana keçib. ABŞ Prezidenti Donald Trampın təzyiqi altında Ukrayna birtərəfli qaydada Rusiyanın neft emalı zavodlarına hücumları təxminən iki həftə dayandırıb. Bu müddətdə Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələr endirməyə davam edib. Eyni zamanda, Rusiya ABŞ-a dizel yanacağı tədarükünə başlayıb.
“ABŞ diqqətini daha genişmiqyaslı sülh sazişinin əldə edilməsi imkanlarına yönəldib”- deyə WSJ yazır.
Nəşrin məlumatına görə, ötən həftə Ukrayna Rusiyanın üç iri neft emalı zavoduna hücum edərək zərbələri bərpa edib. Bu isə noyabrın ortalarında Əbu-Dabidə keçirilməsi planlaşdırılan ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli sülh danışıqları ərəfəsində kompleks “enerji atəşkəsi”nə nail olmaq cəhdlərinə yeni təkan verib.
Qəzet qeyd edir ki, hazırda Rusiya tərəfi ABŞ-ın belə bir razılaşma əldə etmək cəhdlərini rədd edir.
Amerikalı danışıqlar aparanların fikrincə, Rusiyanın Avropanın təbii qaz bazarına qayıtması Prezident Vladimir Putin üçün razılaşmaya getməyə “ciddi stimul” ola bilər. Eyni zamanda, bu, Kiyevə tranzit ödənişlərindən əldə etdiyi “çox vacib gəliri” yenidən qazandırar.
N.Talıblı
