Cənubi Afrikada keçiriləcək “Böyük iyirmilik” (G20) sammiti son illərin ən qalmaqallı toplantısına çevrilib. AzPost xəbər verir ki, Almaniyanın Die Zeit nəşrinin məlumatına görə, Çin Xalq Respublikasının sədri Si Cinpin də sammitdə iştirakdan imtina edib.
Beləliklə, tarixdə ilk dəfə G20 sammiti Rusiya, ABŞ və Çin liderləri olmadan baş tutacaq. Qərar diplomatik dairələrdə ciddi rezonans yaradıb və görüşün siyasi çəkisini azalda biləcəyi qeyd olunur.
Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, Si Cinpinin yerinə Yohannesburqda keçiriləcək sammitdə Dövlət Şurasının baş naziri Li Çyan iştirak edəcək. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də səfərdən imtina etmiş, onu Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin təmsil edəcəyini bildirmişdi.
Ən kəskin reaksiyanı isə ABŞ Prezidenti Donald Tramp göstərib. O, təkcə şəxsən iştirakdan imtina etməyib, həm də bütün Amerika nümayəndə heyətinin sammiti boykot edə biləcəyini bəyan edib. Trampın bu addımı Cənubi Afrikanın İsraili “soyqırımda ittiham edən” məhkəmə iddiasına etirazla izah olunur.
Analitiklərin fikrincə, bu vəziyyət G20-nin beynəlxalq əməkdaşlıq platforması kimi nüfuzuna ciddi zərbə vura bilər. Görüş indi əsasən ikinci dərəcəli rəsmilər səviyyəsində keçiriləcək və mühüm iqtisadi qərarların qəbul edilməsi ehtimalı xeyli azalacaq.
Qeyd edək ki, gələn il G20-yə sədrlik ABŞ-a keçəcək. Donald Tramp artıq növbəti sammitin öz şəxsi golf-klublarından birində təşkil ediləcəyini elan edib ki, bu da yeni mübahisələrə yol açıb.