“Dövlətə xəyanətə görə cəza adekvat, yəni mümkün qədər sərt olmalıdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri, Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin həmmüəllifi olan Vasili Piskarev deyib.
“Dövlətə xəyanətə görə ömürlük həbs cəzası tətbiq edilməlidir. Xainlərin dövlət sirrini verməklə vətənə vurduqları ziyan çox böyükdür. Və bu, təkcə pulla deyil, həm də qırılmış insan taleləri ilə, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi ilə ölçülür. Düşünürəm ki, ömürlük həbs xəyanətə görə adekvat cəza olardı. Qoy uzun və ağrılı, amma ədalətli olsun”, – deputat vurğulayıb.
Eyni zamanda, onun sözlərinə görə, nümunəvi davranış şərti ilə belə məhkumlar üçün ən geci 25 ildən sonra şərti azad edilmə hüququ yaranmalıdır.
Deputat onu da qeyd edib ki, satqınlara hərbçilər, kəşfiyyatçılar, diplomatlar, elm adamları arasında rast gəlmək olar: “Amma məsələ xainin məşğuliyyətində deyil, onun şəxsi keyfiyyətlərində və bu alçaq cinayəti törətməyə hazır olmasındadır. Və nadir istisnalarla, xainlərin adları tarixə düşmür”.
Azpost.info