Bu gün Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyəti Hindistana gəlib və ölkənin iri şirkətlərinin top-menecerləri ilə görüşlər keçirib.
Azpost.info xəbər verir ki, Manturov bildirib ki, Rusiya Hindistandan geniş çeşiddə məhsullar almaqda maraqlıdır və belə tədarüklərə görə vergi güzəştləri verməyə hazırdır.
Onun sözlərinə görə, ən çox tələb olunan mallar arasında əczaçılıq sənayesinin məhsulları var. 2022-ci ilin sonunda Rusiyaya dərman idxalı 9 faiz azalıb, 28 Qərb əczaçılıq istehsalçısı tədarükləri tamamilə dayandırıb və nəticədə apteklərdəki çeşid 2,4 min adda azalıb.
Manturov qeyd edib ki, Rusiya Hindistanın yol texnikası ilə də maraqlanır. Ən böyük Qərb istehsalçıları “Caterpillar”, “Hitachi”, “John Deere” Rusiyadakı fəaliyyətlərini məhdudlaşdırdılar. Nəticədə ekskavatorların satışı 52, borudüzən kranların satışı 17, avtokranların satışı 4 faiz azalıb.
Manturovun dediyinə görə, avadanlığın özündən əlavə, komponentlər də lazımdır. Bundan başqa, Rusiya Hindistanın kimya sənayesinin məhsullarına da maraq göstərir.
“Deutsche Bank” analitiklərinin hesablamalarına görə, 2023-cü ilin əvvəlində Hindistan Rusiyadan ayda 4-5 milyard dollar dəyərində mal idxal edir. Bu, ilk növbədə Hindistan bazarına gündə 1,6 milyon barel sürətlə tökülən neft axınıdır. Bununla belə, Hindistandan qarşılıqlı ixrac axını yoxdur: Rusiyaya ayda yüz milyonlarla dollar dəyərində mal satılır. Nəticədə böyük ticarət balanssızlığı yaranır və milli valyutalara keçid dalana dirənir. Yəni Hindistandan neftə görə alınan rupilərin sadəcə olaraq gedəcək yeri olmur.
“Ticarətdə dollardan imtina xərcləri və valyuta risklərini minimuma endirməyə” imkan verəcək”, – Manturov bildirib. O, əlavə edib ki, Rusiya hökuməti yenidən milli valyutaların və dost ölkələrin valyutalarının geniş tətbiqi imkanlarını nəzərdən keçirməyi təklif edir.
Xatırladaq ki, Rusiya rəsmilərindən ibarət nümayəndə heyəti Rusiyaya ixracın artırılması xahişi ilə artıq iki dəfə Hindistana səfər edib. Amma ötən ilin noyabrında və yanvarda baş tutan səfərlər nəticəsiz qalıb.
Azpost.info
