Rusiyada neft daşıyan qatar partladılıb, hərəkət dayanıb –FOTO/VİDEO

Rusiyanın Bryansk vilayətində yük qatarı partlayış nəticəsində relsdən çıxıb.

Azpost.info xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib.

“Uneça rayonunda – Bryansk-Uneça dəmir yolunun 136-cı kilometrliyində naməlum partlayıcı qurğu işə düşüb. Nəticədə yük qatarının lokomotivi relsdən çıxıb. Tələfat yoxdur. Hazırda hadisə yerində əməliyyat xidmətləri işləyir. Yolun bu hissəsində hərəkət dayandırılıb”, – Boqomaz bildirib.

“Baza” Teleqram kanalı da Rassuxa-Uneça istiqamətində neft məhsulları və taxta-şalban yüklənmiş 60 vaqondan ibarət qatarın relsdən çıxdığını yazıb: “Bryansk vilayətində dəmir yolunun zədələnməsi səbəbindən qatar relsdən çıxıb. Qatarın relsdən çıxmasına az qalmış dəmir yolu partladılıb. Əldə etdiyimiz məlumata görə, hazırda 7-8 vaqon yan tərəfə çöküb. Hadisə yerində yanğın çıxıb, əraziyə təcili yardım xidmətləri cəlb edilib”.

Rusiya Dəmir Yollarınadan bildiriblər ki, kənar şəxslərin müdaxiləsi lokomotivin və 7 vaqonun relsdən çıxmasına səbəb olub. Hadisə nəticəsində lokomotiv yanıb. İlkin məlumata görə, tələfat yoxdur.

Bryansk vilayəti Ukrayna ilə həmsərhəddir. Uneça şəhərindən Ukrayna sərhədinə qədər təxminən 50 kilometrdir. Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri bölgədəki dəmiryol relslərində bir neçə dəfə partlayıcı qurğuların işə salındığı bildirilir. Bu insidentlər nəticəsində tələfat olmayıb. Rusiyanın sərhədyanı rayonlarında baş verən təxribatlara görə Ukrayna rəsmi olaraq məsuliyyəti üzərinə götürməyib. Onların bəzilərinə görə məsuliyyəti özlərini partizan adlandıran və müharibəyə qarşı çıxan qruplar üstlənib.

Azpost.info

 

Əvvəlki məqalə

Bu gün ABŞ-da sülh sazişinin müzakirəsi başlanır –

Sonrakı məqalə

Akademik Dram Teatrına direktor əvəzi təyin olundu –