Rusiyada SSRİ ilə faşist Almaniyasını eyniləşdirmək qadağan olundu –

Putin qanun imzaladı
01 İyul 2021 - 16:24

Rusiya Prezidenti Vladimir Putin bu gün – iyulun 1-də parlamentin daha öncə qəbul etdiyi bəzi qanunları imzalayıb. Onların içində tarixi yaddaşla bağlı olanlar da var.

“Sovet xalqının Böyük Vətən Müharibəsindəki qələbəsinin əbədiləşdirilməsi” haqda qanuna əlavələr keçmiş SSRİ-nin məqsəd və hərəkətlərini nasist Almaniyası ilə eyniləşdirməyi qadağan edir. Eyni zamanda “sovet xalqının faşizm üzərində qələbədə həlledici rolu”nu və Qırmızı ordunun Avropa ölkələrinin azad olunmasındakı “humanitar missiyasını” danmaq yasaqlanır.

Digər əlavələrdə nasist partiyası və SS-in rəhbərlərinin fotolarının göstərilməsi ekstremist fəaliyyət hesab edilir. “Nasizm ideologiyasına mənfi münasibətin formalaşdığı hallar” istisna olunur.

Bu normaların pozulmasına görə sanksiyalar hələlik, müəyyənləşdirilməyib.