Rusiya Azərbaycanda yeni nümayəndəlik açmaqda israrlı görünür. Bugünlərdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində deyib ki, hazırda Azərbaycan ərazisində, o cümlədən Qarabağda ölkəsinin yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənilir. “Azərbaycan tərəfi ilə müvafiq razılaşmalar formalaşdırıldıqca konsulluq departamenti onlarla bağlı praktiki addımların həyata keçirilməsinə qoşulacaq”, – o qeyd edib.
Rusiya rəsmiləri bundan əvvəl də Qarabağda nümayəndəlik açmaq istəyindən bəhs edib. Amma, hələlik, Azərbaycan rəsmiləri ölkə ictimaiyyəti qarşısında bu məsələyə açıq münasibət bildirməyiblər.
Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Hikmət Babaoğlu “Turan”a deyib ki, səfirlikdən əlavə müxtəlif ərazilərdə konsulluq xidmətinin açılması üçün hər şeydən öncə zəruri səbəblər olmalıdır: “Yəni, konsulluq xidməti xüsusi diplomatik qaydada xidmət göstərən ayrıca diplomatik xidmət formasıdır. Bu xidməti də zəruri edən şərtlər olmalıdır”.
Deputatın vurğulamasına görə, hazırkı mərhələdə Rusiyanın Azərbaycanın ərazisində əlavə yeni konsulluq xidmətlərini zəruri edən şərtlər və regionlar yoxdur: “Tutaq ki, Azərbaycanın hansısa bir regionunda Rusiya ilə əhali, turizm mübadiləsi kimi xüsusi bir intensiv əlaqələr olarsa və mövcud diplomatik xidmətləri bu missiyanın öhdəsindən gələ bilməzdisə, zərurət o vaxt yaranardı”.
H.Babaoğlu da xatırladıb ki, Azərbaycanın rəsmiləri, hələlik, bu məsələyə fikir bildirməyiblər: “Əgər Rusiya mənbələrinə inansaq, siyasi məsləhətləşmələr aparılır. Görünür, onlar da məsləhətləşmələr apararkən bu kimi məsələləri təhlil edəcəklər. Hazırkı vəziyyətdə mən Azərbaycanın hər hansı bir regionunda belə bir konsulluq xidmətinin yaradılmasına zərurət görmürəm”.
Onun fikrincə, gələcəkdə Azərbaycanın regionlarında, məsələn, Gəncədə və ya Şamaxıda bunu tələb edən bir zərurət yaranarsa, onda bu da nəzərdən keçirilə bilər: “Nəticə etibarilə diplomatik xidmət elə diplomatik xidmətdir. Amma söz konusu Rusiya olduqda bəzi ekspertlərin burada siyasi məqsədlər axtarması da doğrudur. Ona görə də hazırkı mərhələdə biz Azərbaycanın rəsmi açıqlamasını gözləməliyik. İndiki mərhələdə bu, sadəcə birtərəfli mövqedir, Rusiyanın mövqeyidir. Azərbaycanın bu məsələyə münasibəti olmadan təhlil aparmaq doğru olmaz. İkincisi isə, şübhəsiz ki, belə bir xidmət açılacaqsa, bunun səbəbləri əsaslandırılacaq”.