Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
“Moskvadan çox pis xəbər aldıq… Uzun sürən xəstəlikdən sonra, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə dünyasını dəyişib. Əlvida ustad! Əlvida kinomuzun ən böyük dostu! Əlvida əziz həmkar!”.
**
Kinorejissor Rüstəm İbrahimbəyov vəfat edib.
Bu barədə APA-ya kinorejissor Tahir Tahiroviç məlumat verib.
O, dünən axşam Moskvada dünyasını dəyişib.
Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir.
1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub.
7 iyun 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilmişdir. 2 iyul 2013-cü il tarixindən birləşmiş müxalifət cəbhəsinin Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi kimi göstərilmişdir[3]. Lakin 27 avqust 2013-cü ildə keçirilmiş MSK iclasında ikili vətəndaşlığı əsas gətirilərək namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul edilmişdir.
İlk həyat yoldaşı Şöhrət İbrahimbəyovadan 1972-ci ildə rejissor Fuad İbrahimbəyov dünyaya gəlmişdir.
İkinci həyat yoldaşı xalq artisiti Lyudmila Duxovnayadan 1974-cü ildə rejissor Fatimə İbrahimbəyova dünyaya gəlmişdir.
“Urqa – məhəbbət dairəsi” (1991) — ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-da “Cənnətə bağlı” (Close to Eden) adıyla tanınan bu film Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində “Feliks” mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə “Amerika film”də Oskar mükafatına namizədliyi irəli sürülüb.
Ssenari müəllifi olduğu “Günəşdən usanmışlar” filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə “Ən Yaxşı Xarici Dilli Film” kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.
Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan “Sibir bərbəri” 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.
1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Régis Wargnier olan “Şərq-Qərb” filmi ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatına namizədlərdən biri olub.
Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi” filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.
Rüstəm İbrahimbəyov son 15 ildə Azərbaycanın siyasi həyatında fəal rol oynayıb. “Ziyalılar Forumu”nun təsisçilərindən olub. 2013-cü ildə müxalifət partiyalarının yaratdığı Milli Şuranın sədri, daha sonra prezidentliyə namizədi olub. Lakin sonradan R.İbrahimbəyov namizədliyini geri götürüb.
2013-cü ildən sonra aktiv siyasətdən uzaqlaşaraq kino sahəsinə qayıdıb. Son illərdə Moskvada yaşayırdı.