Səfirlik Almaniyadakı azərbaycanlıları erməni təxribatlarına uymamağa çağırır

01 Avqust 2020 - 15:05

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi Ermənistanın Azərbaycan ərazilərinə hücumlarını və xaricdəki təxribatlarını qınayan mətbuat relizi yayıb.

Səfirlikdən APA-ya daxil olan mətbuat relizində bildirilir ki, 12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri ağır artilleriya silahları ilə Azərbaycanın şimal-qərbində yerləşən Tovuz rayonundakı mövqelərinə hücum edib. Qeyd olunur ki, Ermənistanın Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini atəşə tutması və Azərbaycan ərazilərindəki mövqeləri zəbt etməyə yönəlmiş hərbi əməliyyatları suveren dövlətə qarşı açıq hərbi təcavüz və beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmasıdır. Ermənistan həmçinin Azərbaycanın Tovuz rayonunun sərhədyanı kəndlərində mülki əhaliyə qarşı silahlı hücumları ilə müharibə cinayəti edib və 1949-cu il Cenevrə Konvensiyası ilə öz üzərinə götürdüyü öhdəlikləri pozub.

“Ermənistanın qeyd olunan təcavüzü, onun bölgədəki vəziyyətin daha da gərginləşməsinə xidmət edən qeyri-konstruktiv fəaliyyətinin və ritorikasının davamı kimi nəzərdən keçirilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər yeddi ətraf rayonunun –  dövlət ərazisinin beşdə bir hissəsinin – qanunsuz işğalına son qoymaq və bir milyondan çox qovulmuş azərbaycanlının evlərinə qayıtmasına şərait yaratmaq əvəzinə, Ermənistan qarşıdurmanı daha da gücləndirməyə və sərhəd bölgələrində yeni ərazilər tutmağa çalışır. Əlbəttə ki, bu həmçinin münaqişənin dinc həlli üçün məsul olan və Almaniyanın da üzvü olduğu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh prosesinə ağır zərbədir”.