Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilməsi, məscidlərin fəaliyyəti dayandırılması barədə maarifləndirici söhbətlər aparıb.
Polis əməkdaşlar rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq rayonun Aşağı Seyfəli kəndindəki Şəhidlər Xiyabanında bir qrup şəxsin toplaşaraq “Aşura” mərasiminin keçirlməsinə cəhd etdiklərini aşkarlayıb. Polis əməkdaşları mərasimi dərhal dayandırıb, 15 nəfər kənd sakini saxlanılaraq RPŞ-yə gətiriliblər. İzahedici söhbətlər aparıldıqdan sonra saxlanılan şəxslərdən 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib, digər 3 nəfər barəsində isə toplanan material isə baxılması üçün rayon məhkəməsinə göndərilib.