Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlament iclasında ölkədə daxili miqrasiyanın və enerji istehlakının mövcud vəziyyətinə diqqət çəkib. AzPost xəbər verir ki, Oruc bildirib ki, hazırda ölkədə əhali əsasən paytaxta yönəlir və bu, paytaxtda sıxlıq, tıxac və digər sosial problemlər yaradır.
Deputatın məlumatına görə, ölkənin 63 rayonundan yalnız 29-da əhali sayı 100 mindən çoxdur, 4244 kəndin 92-də isə 5000-dən çox sakin yaşayır. Eyni zamanda, 2023-cü ildə ölkə üzrə qaz və elektrik enerjisinin böyük hissəsi – müvafiq olaraq 36% və 42%-i Bakının payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ümumi əhalinin 23%-dən azdır.
Bu vəziyyətin qarşısını almaq və əhalinin kəndlərə qayıdışını təşviq etmək məqsədilə, parlamentdə sərhədyanı bölgələrdə elektrik və qaz tariflərinin 3 dəfə azaldılması təklifi irəli sürülüb. Deputat qeyd edib ki, fərqli iqlim şəraitində yaşayan bölgələrdə diferensial tariflərin tətbiqi mümkündür və bu, büdcəyə zərər vurmayacaq.