İkinci Qarabağ müharibəsində şəhid olmuş Səbuhi Hüseynlinin anası Samirə Əhmədxanova mənzillə təmin olunması üçün ölkə rəhbərliyinə və aidiyyəti dövlət qurumlarına müraciət edib.
Əslən Xaçmaz rayonunun Maqsudkənd kəndindən olan Samirə Əhmədxanova bir neçə ildir Bakıda yaşayır. Onun sözlərinə görə, hazırda Bakıxanov qəsəbəsindəki köhnə yataqxanada bir otaqda məskunlaşıb. Şəhid anası bildirir ki, son 6 ilə yaxın müddətdə müxtəlif səlahiyyətli şəxslərə müraciət etsə də, mənzil məsələsi həllini tapmayıb.
“Tək oğlumu Vətən yolunda şəhid verdim”
Samirə Əhmədxanova müraciətində bildirib ki, oğlu Səbuhi Hüseynlini təkbaşına, çətin şəraitdə böyüdüb. İkinci Vətən müharibəsində döyüşən Səbuhi aldığı xəsarətlərdən sonra təxminən 7 ay komada qalıb və daha sonra şəhid olub. Şəhid anasının sözlərinə görə, oğlu onun yeganə dayağı olub. Səbuhi həm də bir övlad atası idi. “Özüm də Şəhid anasıyam, axı, mən də bu Vətən yolunda oğul, özü də təkbaşına böyütdüyüm oğlumu şəhid vermişəm” – deyə Samirə Əhmədxanova müraciətində yazıb.
“Altı ilə yaxındır mənzil məsələsinin həllini gözləyirəm”
Şəhid anası qeyd edib ki, bir neçə il əvvəl iş və yaşayış imkanları ilə bağlı Bakıya köçmək məcburiyyətində qalıb. Xaçmazda ev və işlə təmin olunmadığını bildirən müraciətçi əvvəlcə kirayədə yaşadığını, daha sonra Bakıxanov qəsəbəsindəki köhnə yataqxanada bir otaq tapdığını deyib. Onun iddiasına görə, son illərdə müraciət etdiyi şəxslər mənzil tikintisi başa çatdıqdan sonra evlə təmin olunacağına dair vədlər versələr də, bu günədək məsələ həll edilməyib.
Samirə Əhmədxanova digər şəhid ailələrinin mənzillə təmin olunduğunu xatırladaraq, öz müraciətinin niyə nəticəsiz qaldığını soruşub. O, bu vəziyyəti ədalətsizlik kimi qiymətləndirib.
Şəhid anası ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin köməkçilərinə, əmək və əhalinin sosial müdafiəsi nazirinə, Ombudsmana, Sosial Xidmətlər Agentliyinin rəhbərliyinə və Milli Məclisin deputatlarına müraciət ünvanlayıb. O, səhhətinin də pisləşdiyini bildirərək, iş yerinin nəzərə alınmasını və Bakıda, Abşeronda və ya Sumqayıtda mənzillə təmin olunmasına kömək göstərilməsini xahiş edib. “İndi dözə bilmirəm. Mənzil də balamın haqqıdır və haqqının verilməsini istəyirəm!” – deyə Samirə Əhmədxanova müraciətində vurğulayıb.
Şəhid anası müraciətinin nəzərə alınacağına və mənzil probleminin həllinə kömək göstəriləcəyinə ümid etdiyini bildirib.
N. Talıblı
