ABŞ-ın bir neçə ştatında gecə səmasında qeyri-adi işıq zolağı müşahidə edilib.
Hadisə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub və istifadəçilər bunun UNO (naməlum uçan obyekt) ola biləcəyini iddia ediblər.
Şahidlərin sözlərinə görə, işıq əvvəlcə sabit görünür, daha sonra isə sürətlə forma dəyişdirərək yoxa çıxıb. Bəzi videolarda obyektin parçalanaraq bir neçə hissəyə ayrıldığı görünür.
Rəsmi qurumlar hələlik hadisəni təsdiqləməsə də, astronomlar bunun çox güman ki, peyk qalıqları və ya atmosferə daxil olan kosmik tullantılar ola biləcəyini bildirirlər.
Lakin internet istifadəçiləri fərqli fikirdədir. Sosial mediada yayılan şərhlərdə bəzi insanlar bunu “gizli hərbi texnologiya”, digərləri isə “yerə yad cisimlərin enişi” kimi qiymətləndirib.
Son illərdə UNO ilə bağlı açıqlanan rəsmi videolar bu tip hadisələrə marağı daha da artırıb. Ekspertlər isə bildirir ki, insanların gördüyü bir çox hadisə təbii astronomik proseslərlə izah oluna bilər.