Sabaha olan hava proqnozu

22 İyul 2021 - 12:59

İyulun 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 30-35° isti, Bakıda gecə 24-26° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 749 mm civə sütunundan 752 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

İyulun 23-24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən iyulun 23-24-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

İyulun 23-də Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.

İyulun 24-ü gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.