Sabiq nazir Hüseyn Bağırov haqqında səslənən iddialara cavab verdi,

"ağlasığmaz" adlandırdı
10 Mart 2020 - 18:12

Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məhkəmədə haqqında səslənən iddialara cavab verib.

H.Bağırovun hüquqi təmsilçisi Anar Razayev APA-ya açıqlamasında bu iddiaları cəfəngiyyat adlandırıb: “Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı aparılır. Təqsirləndirilən şəxslərdən biri nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənovdur. Onunla birlikdə Departamentin baş mühasibi İlqar Hacıyev də cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə iclaslarında baş mühasibin keçmiş ekologiya naziri Hüseynqulu Bağırov barəsində verdiyi bəyanatlar həqiqəti əks etdirməməklə yanaşı, diqqəti yayındırmaq, ittiham aktında təqdim olunan faktlar ətrafında spekuliyasiyalar etməklə məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil.

Açıqlamalarda ən bəsit ziddiyyətlər açıq-aydın görünür. 2018-ci ilin oktyabr-noyabr aylarında həyata keçirdikləri “əməliyyatları” Hüseyn Bağırovun adı ilə əlaqələndirmək ən sadə məntiqlə də gülünc görünür. Külli miqdarda mənimsəmə və israfetmə, o cümlədən də vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı cinayətlərində ittiham edilən şəxslər Hüseyn Bağırovun işlədiyi dövrdə deyil, onun tutduğu vəzifədən ayrıldıqdan sonrakı (sabiq nazir tutduğu vəzifədən 2018-ci ilin aprel ayında ayrılmışdır) dövrdə – 2018-ci ilin may ayından həmin ilin dekabr ayınadək, xüsusilə də həmin ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında törətdikləri cinayətlərə görə təqsirləndirilməkdədirlər. Birmənalı şəkildə bildiririk ki, məhkəmədə səsləndirilənlər həqiqəti əks etdirmir və deyilənləri qətiyyətlə rədd edirik. Görünür, təqsirləndirilənlər və onları təmsil edən şəxslər inanırlar ki, ağlasığmaz iftiralardan, cəfəngiyyatlardan ibarət bəyanatlar məsuliyyətdən yayınmaqda onlara kömək edəcək”. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, Departamentin keçmiş baş mühasibi İlqar Hacıyev, departamentin digər əməkdaşları – Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Təqsirləndirilən şəxslər prosesdə sabiq nazir Hüseyn Bağırovu ittiham ediblər.