Sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürənlər üçün güzəştlərlər hazırlanır –

Nazir müavini açıqladı
04 Mart 2020 - 10:15

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı bir sıra stimullaşdırıcı güzəştlər nəzərdə tutulub.

Bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti tərəfindən bir sıra güzəştlərlə bağlı rəy və təkliflər ümumiləşdirilir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən stimullaşdırıcı güzəştlərlə bağlı təklif verilib. Digər qurumların da rəyləri müzakirə olunur və nəzərə alınmaqla, qərar yekunlaşdırılır”.

A.Kərimov qeyd edib ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” layihəsinin hazırlanmasında bir sıra xarici ölkələrin təcrübəsindən istifadə olunub: “ABŞ, İngiltərə, Almaniya, Fransa, Kanada, Türkiyə və Latviya kimi ölkələrin təcrübəsindən yararlanmışıq”.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı stimullaşdırıcı – Əmək Məcəlləsinə uyğun güzəştlər, vergi güzəştləri, onlara aylıq müavinətlər ayrılması nəzərdə tutulur. (oxu.az)