Qlobal enerji bazarında baş verən dəyişikliklər artıq yalnız dövlətlərin deyil, birbaşa biznesin də gündəliyini formalaşdırır. İqlim dəyişiklikləri, enerji təhlükəsizliyi və karbon emissiyalarının azaldılması tələbi bərpa olunan enerji mənbələrini yeni iqtisadi mərhələnin əsas sütunlarından birinə çevirib.
Azərbaycan da bu qlobal tendensiyaya uyğun olaraq yaşıl enerjiyə keçidi milli inkişaf prioriteti elan edib. Bu keçid isə xüsusilə sahibkarlar üçün yeni bazarlar, investisiya istiqamətləri və rəqabət üstünlükləri yaradır. Lakin yaşıl enerji sahəsində uğur təkcə potensialın mövcudluğu ilə deyil, bu potensialdan necə istifadə olunması ilə ölçülür. Bu baxımdan sahibkarlar üçün əsas məsələ imkanları vaxtında görmək və düzgün strategiya seçməkdir.
Azərbaycanın coğrafi mövqeyi ölkəyə ciddi bərpa olunan enerji üstünlüyü qazandırır. Aparılan hesablamalara görə, ölkənin quruda və Xəzər dənizində yerləşən bərpa olunan enerji mənbələrinin texniki potensialı yüzlərlə giqavatla ölçülür. Günəş radiasiyasının yüksək olması, küləkli sahil zonaları və dağ çaylarının hidroenergetik imkanları yaşıl enerjini iqtisadi baxımdan cəlbedici edir. Xüsusilə günəş enerjisi sahəsi daha tez geri dönüşlü layihələr üçün əlverişli sayılır. Ölkənin bir çox bölgələrində günəşli günlərin sayı il ərzində 250-300 günə çatır. Bu isə həm iri həcmli günəş elektrik stansiyalarının, həm də kommersiya və fərdi günəş panellərinin qurulmasını iqtisadi baxımdan səmərəli edir.
İri günəş və külək stansiyaları böyük kapital tələb edir və daha çox korporativ və institusional investorlar üçün uyğundur. Orta və kiçik sahibkarlar üçün isə lokal, paylanmış enerji modelləri – sənaye müəssisələri, ticarət obyektləri, aqrar təsərrüfatlar üçün günəş sistemləri daha real və səmərəlidir. Yaşıl enerji bazarında gəlir yalnız elektrik istehsalından formalaşmır. Əksinə, bir çox ölkələrdə əsas gəlir enerji xidmətləri hesabına əldə olunur. Layihələrin hazırlanması, quraşdırma, texniki xidmət, enerji auditi, istehlakın optimallaşdırılması və ağıllı idarəetmə sistemləri sahibkarlar üçün geniş fəaliyyət sahəsi açır. Bu baxımdan enerji xidməti şirkəti modeli Azərbaycan üçün xüsusilə perspektivlidir. Sahibkar istehsalçı yox, müştərinin enerji xərclərini azaldan tərəfdaş rolunda çıxış edir və bu azalmadan pay qazanır. Bu model həm riskləri azaldır, həm də davamlı gəlir təmin edir.
Azərbaycan hökumətinin yaşıl enerji sahəsində həyata keçirdiyi siyasət biznes üçün mühüm imkanlar yaradır. Bərpa olunan enerji üzrə hüquqi çərçivənin təkmilləşdirilməsi, dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi və uzunmüddətli enerji alqı-satqı müqavilələri sahibkarların qarşılaşdığı əsas riskləri minimuma endirir. Bu imkanlardan istifadə etmək üçün sahibkarlar dövlət mexanizmlərindən yararlana bilərlər. Amma bununla yanaşı, qanunvericiliyi, hərrac mexanizmlərini və dəstək alətlərini sistemli şəkildə izləmək, peşəkar hüquqi və maliyyə məsləhətçiləri ilə işləmək vacibdir. Bu yanaşma yaşıl enerjini riskli sahədən idarəolunan investisiya mühitinə çevirir.
İşğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edilməsi sırf texniki qərar deyil, strateji baxışın göstəricisidir. Bu bölgələrdə enerji layihələri paralel olaraq kənd təsərrüfatı, turizm və sənaye infrastrukturu ilə inkişaf edir. Sahibkarlar üçün əsas tövsiyə bu ərazilərə qısa müddətli qazanc prizmasından baxmamaqdır. Burada yaşıl enerji uzunmüddətli biznes mövqeyi, regional brend və dayanıqlı gəlir mənbəyi yarada bilər. Enerji ilə yanaşı, xidmət və istehsal zəncirlərində iştirak edən sahibkarlar daha güclü mövqeyə sahib olacaqlar.Yaşıl enerji yalnız günəş və küləklə məhdudlaşmır. Yaşıl hidrogen və bioenerji yaxın onilliklərin əsas enerji istiqamətlərindən biri hesab olunur. Bu sahələrdə hələ kütləvi gəlir mərhələsi başlamasa da, erkən mərhələdə iştirak edən bizneslər bazar formalaşanda üstün mövqedə olacaq. Xüsusilə, kənd təsərrüfatı və emal sənayesi ilə məşğul olan sahibkarlar bioenerjini əlavə gəlir mənbəyi kimi nəzərdən keçirə bilərlər. Bu yanaşma tullantıların azalmasına və enerji xərclərinin optimallaşdırılmasına xidmət edir.
Yaşıl enerji layihələri ilkin mərhələdə kapital və texniki bilik tələb edir. Enerji şəbəkəsinə inteqrasiya, icazə mexanizmləri və maliyyə planlaşdırması əsas çətinliklər sırasındadır. Lakin beynəlxalq təcrübə göstərir ki, mərhələli investisiya, güclü tərəfdaşlıq və düzgün risk bölgüsü bu sahəni idarəolunan edir. Daha doğru yanaşma yaşıl enerji sektorunda biznesə kiçik layihələrlə başlamaq, bazarı öyrənmək və tədricən böyüməkdir.
Azərbaycanın yaşıl enerji potensialı sahibkarlar üçün sadəcə alternativ enerji seçimi deyil, yeni iqtisadi mərhələyə keçid fürsətidir. Bu sahədə uğur qazananlar bugündən strateji düşünən, texnologiyanı izləyən və dövlət-biznes mexanizmlərindən səmərəli istifadə edənlər olacaq. Yaşıl enerji bazarı hələ formalaşma mərhələsindədir. Məhz bu mərhələ sahibkarlar üçün ən əlverişli zamandır. Çünki bu gün atılan addımlar sabah bazarda lider mövqeyini müəyyən edəcək.
Çinarə Ağayeva
Biznes məsləhətçi
