Şair Abbas Abdulla dəfn edilib

Azərbaycan Yazıçılar Birliyi Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, şair Abbas Abdulla dəfn olub.

APA-nın məlumatına görə, o, Maştağa qəsəbəsində yerləşən, “Kəpənəkçi” qəbiristanlığında, yoldaşının yanında torpağa tapşırılıb.

Xatırladaq ki, A.Abdulla sentyabrın 4-də axşam saatlarında vəfat edib.

Qeyd edək ki, Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X-XI) kəndlərində alıb. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik edib. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1958-1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964-1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981-1982) bitirib, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçib.

Universitetdə tələbəlik illərində həm də işləyib: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun “Neftayıran” çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olub (1961-1963). “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri (1966-1973), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973-1977), baş redaktorun müavini (1979-1987), “Ulduz” jurnalının məsul katibi, sonra baş redaktoru (1987-1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olub.

Ədəbi fəaliyyətə “Öyün, vətənim!” adlı ilk şeiri 1957-ci ildə “Şərqin şəfəqi” (Tiflis) qəzetində çap ediləndən sonra başlayıb. O, poetik yaradıcılığında bədii tərcüməyə xüsusi diqqət yetirib. İ.Draç, İ.P.Kotlyarevski, M.Rılski, T.Şevçenko, L.Ukrainka, L.Şapoval və digər sənətkarların əsərlərini Ukrayna dilindən tərcümə edib.

26 Bakı komissarı adına rayon xalq deputatları Sovetinin deputatı seçilib. Moskvada, gənc şairlərin V Ümumittifaq poeziya festivalında, qardaş respublikalarda keçirilən poeziya bayramlarında, Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində iştirak edib.

Son illərdə Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda ənənəvi Xəzər şeir axşamlarında milli ədəbiyyatı təmsil etmişdir. “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunub (1980).

Allah rəhmət eləsin.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir