Separatçı rejim Vitali Balasanyanı niyə uzaqlaşdırıb?

Qarabağdakı separatçı rejimin “təhlükəsizlik şurasının” katibi Vitali Balasanyanın istefasından üç gün keçsə də bunun səbəbləri barədə heç bir məlumat verilmir.

Azadlıq Radiosunun erməni xidməti yazır ki, 44 günlük müharibədən sonra əsasən humanitar məsələlərlə bağlı olsa da, Azərbaycan tərəfi ilə təmaslara girən yeganə şəxs məhz Balasanyan idi.

Qeyd olunur ki, məsələn o, ötən ilin dekabrında Laçın yolundakı vəziyyətlə bağlı Azərbaycan tərəfi və Rusiya sülhməramlıları ilə danışıqlara getmişdi. Bundan əvvəl ötən ilin martında Qarabağa qazın verilməsi dayandırılanda da Azərbaycan rəsmiləri ilə danışıqları Balasanyan aparmışdı.

Azatutyun yazır ki, Qarabağ erməniləri belə çətin vəziyyətdə Balasanyanın niyə işdən kənarlaşdırıldığını anlaya bilmirlər.

Separatçı rejimin qondarma “parlamentində” bunun səbəbi Balasanyanla Qarabağın “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan arasında fikir ayrılığını göstərirlər. Azatutyun yazır ki, separatçı rejimə müxalifətçi olan Metakse Akopyan deyib ki, Vitali Balasanyana qarşı müəyyən proseslər hələ bir il bundan əvvəl başlanıb.

Azatutyun yazır ki, Azərbaycanla  danışıqlarda Balasanyanı kimin əvəz edəcəyi bilinmir.

Vitali Balasanyan öz istefasının səbəbləri və “Qarabağ rəhbərliyindəki” mümkün fikir ayrılıqları barədə açıqlama verməyib.

Əvvəlki məqalə

Lənkəranda şəhid atası özünü bıçaqlayıb

Sonrakı məqalə

İsveçrə yeni bölgələrdə verilmiş Rusiya pasportlarını tanımadığını bəyan edib