Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Daşkənd şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə keçirilən «İslam – sülh və xeyirxahlıq dinidir» mövzusunda Beynəlxalq elmi-praktiki konfransda iştirak edib.
Azpost.info bildirir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat verib.
22 ölkədən 70 iştirak etdiyi bu mötəbər tədbirin keçirilməsi ideyası Özbəkistanın dövlət başçısı tərəfindən ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasında bəyan olunmuşdu.
QMİ sədri Şeyxülislam A.Paşazadə plenar və 3 bölmə iclasından ibarət konfransın açılış mərasimində çıxış edib. Beynəlxalq forumu İslam sivilizasiyasına tarixən töhfələr vermiş Özbəkistanın müasir dövrdə bu şərəfli, ənənəvi missiyasını davam etdirmək əzminin daha bir təzahürü kimi dəyərləndirən Şeyxülislam A.Paşazadə deyib: «Özbəkistanın İbn Sina, Fərabi, Biruni, Uluqbəy kimi dünya şöhrətli mütəfəkkirləri, İmam Buxari, Tirmizi, Maturidi kimi din alimləri, Əmir Teymur, Zahirəddin Babur kimi sərkərdələri, Əlişir Nəvai kimi qüdrətli söz ustadı və digər tanınmış şəxsiyyətləri bəşər tarixinə əvəzolunmaz töhfələr bəxş etmiş, möhtəşəm İslam mədəni-mənəvi irsinin zənginləşməsinə, eyni zamanda, Avropa intibahının təşəkkülünə rəvac vermişlər. Uca Allaha şükürlər olsun ki, İslam dünyası üçün tükənməz xəzinə olan qardaş Özbəkistan müqtədir siyasi liderinin rəhbərliyi ilə öz tarixi-mənəvi missiyasını uğurla davam etdirir. Allahın verdiyi qüdrətlə özbək torpağı belə şəxsiyyətlər yetişdirməkdədir. Şavkat Mirziyoyev həzrətləri Özbəkistan torpağının, özbək xalqının zaman-zaman yetişdirdiyi qüdrətli tarixi şəxsiyyətlərdəndir. İslam dininin akademik səviyyədə tədqiqi və tədrisi mərkəzlərinin yaradılması, Özbəkistanın təkcə Mərkəzi Asiyanın deyil, İslam dünyasının mənəvi mərkəzi olaraq yüksəlişi istiqamətində Şavkat Mirziyoyev həzrətlərinin misilsiz səyləri ilə Özbəkistan torpağı əsrlər boyu təşəkkül tapmış İslami ürfan mərkəzi olmaq statusunu bir daha təsdiq edir. Prezident Şavkat Mirziyoyevin Özbəkistanın III İntibahının təməli olaraq İslam Sivilizasiya Mərkəzini yaratması din, elm və müasirliyin harmoniyalı vəhdətini təcəssüm və inkişaf etdirir”.
Şeyxülislam A.Paşazadə bildirib ki, zəngin tarixi-mənəvi irsə istinad edən Özbəkistanla mövcud mədəni-mənəvi əlaqələrin qorunub saxlanılması Azərbaycan üçün hər zaman xüsusi önəm daşıyır: “Çox şadam ki, Prezidentlərimiz Zati-aliləri İlham Əliyev cənabları ilə Zati-aliləri Şavkat Mirziyoyev cənabları arasında mövcud qardaşlıq münasibətləri dövlətlərimiz və xalqlarımız arasında bütün sahələrdə, o cümlədən, mənəvi əlaqələrin inkişafına təkan verir. Eyni etnik köklərə, oxşar tarix və mentalitetə malik qardaş xalqlarımız arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinə yüksəlməsi – Şavkat Mirziyoyev cənablarının təbirincə, tarixi hadisə olan Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik qərarı bizim üçün hədsiz fərəh və fəxarət mənbəyidir. Müzəffər Azərbaycan Prezidentinin rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın işğaldan azad edilmiş və geniş quruculuq işləri gedən Qarabağ torpağında – Füzulidə Özbəkistanın inşa etdiyi Mirzə Uluqbəy adına orta məktəbin nəfis və möhtəşəm binası özbək xalqının qardaş ərməğanı olaraq Azərbaycan xalqı üçün olduqca əzizdir”.
QMİ sədri A.Paşazadə Özbəkistan Respublikası Prezidentinin dinlər və millətlərarası münasibətlər üzrə müşaviri Müzəffər Kamilovla görüşüb. Səmimi şəraitdə baş tutan görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişafından, o cümlədən, dini-mənəvi əlaqələrin dərinləşməsindən məmnunluq ifadə olunub. Cənab M.Kamilov Özbəkistan Prezidentinin salamlarını, ehtiramını çatdırmaqdan və xüsusi hədiyyəsini Şeyxülislama təqdim etməkdən şərəf duyduğunu bildirərək, Beynəlxalq Konfransa dəvət olunacaq şəxslərin siyahısı müzakirə olunarkən Özbəkistan dövlət başçısının Azərbaycanın dini liderinin iştirakının mühümlüyünü xüsusi vurğuladığını diqqətə çatdırıb. Şeyxülislam A.Paşazadə, öz növbəsində, qardaş Özbəkistan xalqına lider olaraq Zati-aliləri Şavkat Mirziyoyev cənabları kimi dərin siyasi təfəkkür sahibi və müqəddəs dinimizin bəşəri əhəmiyyətli mötədil dəyərlərinə dərin ehtiramı ilə seçilən görkəmli şəxsiyyət nəsib olmasını Uca Allahın Lütfü olaraq dəyərləndirib.
Konfransın əhəmiyyətinə toxunan A.Paşazadə Azərbaycan və Özbəkistanın müdrik, qlobal təfəkkürə malik dövlət liderlərinin müqəddəs İslam dininin humanist mahiyyətinin dünya miqyasında tanıdılması, dəyərlərinin müdafiəsi, İslamofobiya meyllərinin qarşısının alınmasında müstəsna rolunu məmnunluqla vurğulayıb, iki qardaş ölkə rəhbərlərinin xalqlarımız, dövlətlərimiz, İslam dünyasının yüksəlişi istiqamətində nəcib fəaliyyətinə Uca Allahdan xeyir-dualar diləyib.
Şeyxülislam Allahşükür Paşazadə qardaş ölkəyə səfəri çərçivəsində «Özbəkistan 24» televiziya kanalına müsahibə verib, canlı yayında iştirak edib.