Şeyxülislam Səudiyyə Ərəbistanına səfəri çərçivəsində görüşlər keçirib –FOTOLAR

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvətilə 19-24 mart tarixlərində bu ölkədə rəsmi səfərdə olub.
Mart ayının 19-u QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Mədinə şəhərində yerləşən Məhəmməd Peyğəmbərin (s.a.s.) məscidini ziyarət edib, Peyğəmbər məqamında Azərbaycan dövləti, prezident İlham Əliyev cənabları  və bütün Azərbaycan xalqı üçün dualar edib.
Martın 20-si QMİ sədri və onu müşayiət edən nümayəndə heyəti Kral Fəhd adına Qurani-Kərim çapetmə kompleksini ziyarət edib. Burada onu qarşılayan kompleksin baş katibi cənab Atif İbrahim əl-Ülyan kompleks haqqında geniş məlumat vermişdir. Belə ki, burada təkçə son beş il ərzində üç yüz iyirmi milyon  Qurani-Kərim nüsxəsi çap edilərək, dünyanın bir çox ölkələrinə göndərilmişdir. Qurani-Kərim burada 76 müxtəlif dillərə tərcümə edilmişdir. Kompleksdə Qurani-Kərim təfsiri və beş cilddən ibarət görmə qüsuru olan insanlar üçün xüsusi Quran nüsxələri çap olunur.   Şeyxülislam həzrətləri kompleksin xatirə dəftərində yazı yazaraq Kompleksin gördüyü işlərin İslam dininə  və dünya müsəlmanlarına önəmli töhfələr verdiyini qeyd etmişdir.
Martın 21-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə  İslam Əməkdaşlıq təşkilatının baş katibi cənab Hüseyn İbrahim Taha ilə görüşüb.
Səmimi şəraitdə keçən görüşün əvvəlində Şeyxülislam Allahşükür Paşazadə həzrətləri cənab Hüseyn İbrahim Tahaya Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin salamlarını yetirmiş, eləcə də bu yaxınlarda Mavritaniyada keçirilən İslam Əməkdaşlıq təşkilatının Xarici İşlər nazirlərinin görüşündə Azərbaycanın irəli sürdüyü beş qətnamənin qəbul olunmasına görə cənab Tahaya və İƏT-ə Azərbaycan xalqı adından təşəkkürünü bildirib.
Cənab Hüseyn İbrahim Taha öz növbəsində Azərbaycanla İƏT arasında inkişaf edən hərtərəfli əlaqələrin səviyyəsindən öz məmnunluğunu dilə gətirmiş, və Azərbaycanın həm bu təşkilatda, həm də Beynəlxalq arenada fəal rolunu yüksək təqdir edib.
Həmçinin Hüseyn İbrahim Taha Azərbaycana ziyarətini, ölkə prezidenti cənab İlham Əliyevlə, dövlət rəsmiləri ilə, o cümlədən Şeyxülislam həzrətləri ilə Bakıdakı görüşlərini məmnuniyyətlə xatırlayaraq həmin görüşlərin onun qəlbində silinməz izlər buraxdığını dilə gətirib.
Görüş iştirakçıları tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Görüşün sonunda İƏT baş katibi Şeyxülislam həzrətlərindən Azərbaycan prezidenti İlham Əliyevə öz səmimi salamlarını çatdırmasını xahiş etmişdir.
Martın 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İslam Aləmi Liqasının (İAL) baş katibi Şeyx Məhəmməd Əbdülkərim əl-İsa ilə görüşüb. 
İAL-ın Məkkədəki qərargahında səmimi şəraitdə keçən görüşün əvvəlində Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Şeyx Məhəmməd əl-İsaya Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Azərbaycan xalqının salamlarını yetirib.
Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İslam Aləmi Liqasının dünyada həm dinlərarası, həm də islamdaxili müstəvilərdə tutduğu mühüm rolunu qeyd edib. Şəxsən Baş katibin fəaliyyəti yüksək qiymətləndirib.
İAL baş katibi əl-İsa Şeyxülislam həzrətlərini salamlayaraq, onun kimi islam aləminin ağsaqqallarından birini qəbul etməkdən şərəf duyduğunu bildirib.
Şeyxülislam həzrətlərinin dünyada İslamın gərçək üzünü göstərərək təbliğ etmək yolundakı səylərini yüksək qiymətləndirərək, hazırki dövrün ən görkəmli  ağsaqqallarından olduğunu vurğulayıb.
İslam Aləmi Liqası bütün müsəlman məzhəblərini özündə birləşdirən dünya səviyyəli bir müsəlman təşkilatıdır. Bu baxımdan Şeyxülislam həzrətlərinin başçılıq etdiyi QMİ-nin və  İslam Aləmi Liqasının apardığı fəaliyyət eyni məqsədləri güdür.
Allahşükür Paşazadə həzrətləri Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə otuz il işğal altında qalan ərazilərimizin 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun gücü ilə Ermənistan işğalına, Ermənistanın islamofob siyasətinə, xalqımızın maddi-mədəni irsinə, abidələrinə, dini məbədlərə qarşı vandalizminə son qoyulduğunu baş katibin nəzərinə çatdırmışdır. Qələbənin əldə edilməsindən sonra azad olunmuş ərazilərdə qarşımıza tükürpədici mənzərə çıxmışdır. Belə ki, 67 məsciddən 65-i dağıdılmış, oradan donuz tövləsi kimi istifadə edilərək dinimizə, bütün İslam aləminə həqarət olunduğunu qeyd edib.
Şeyxülislam həzrətləri Şeyx Məhəmməd Əbdülkərim əl-İsanı Azərbaycana dəvət edərək, Onun və təşkilatın Azərbaycanda böyük hörmət və rəğbətə malik olduğunu bildirmişdir.
İslam Aləmi Liqasının baş katibi Şeyxülislam həzrətlərindən Azərbaycan prezidenti İlham Əliyevə öz ehtiramını və səmimi salamlarını çatdırmasını xahiş etmişdir.
Görüşün sonunda tərəflər qarşıdan gələn müqəddəs Ramazan ayı münasibəti ilə bir birini təbrik etmişlər.
 Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə martın 23-də Səudiyyə Ərəbistan Krallığının İslam İşləri, Dəvət və İrşad nazirliyində Nazir müavini Şeyx Avvad əl-Anizi ilə görüşüb.
Qonaqları səmimiyyətlə salamlayan Şeyx Avvad əl-Anizi, Şeyxülislam həzrətlərinin Səudiyyə Ərəbistan Krallığı Nazirliyinin dəvətini qəbul edib təşrif buyurduğuna görə ona təşəkkür etdi və bundan şərəf duyduqlarını söylədi.
Şeyxülislam həzrətlərinin İslam dünyasında və Beynəlxalq arenada oynadığı çox mühüm və bariz rolunu diqqətə çatdıraraq onun kimi müsəlman ağsaqqalların fəaliyyətinin bütün İslam dünyası üçün vacib olduğunu vurğuladı.
Allahşükür Paşazadə həzrətləri bu görüşün Azərbaycanla Səudiyyə Ərəbistan Krallığı arasındakı mənəvi əlaqələrin inkişaf etməsində böyük rolu olmasını, eləcə də iki ölkə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ictimai, mədəni və turizm sahələrində də əlaqələrin inkişaf etməsini arzu etmişdir.
Şeyxülislam həzrətləri səfərinin yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirərək, öz təəssüratları ilə bölüşmüş, xüsusilə Kral Fəhd adına Qurani-Kərim çapetmə kompleksin ziyarətinin olduqca maraqlı olduğunu ifadə etmişdir.
Şeyxülislam həzrətləri iki tərəf arasında davam edən qarşılıqlı ziyarət və danışıqların tezliklə praktiki zəminə keçərək İslam dininə və müsəlmanlara xeyir verəcəyini bildirmişdir.
Sonra Şeyxülislam həzrətləri Qarabağ torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı ərzində erməni vandallarının tarixi-mədəni irsimizə qarşı törətdikləri vəhşiliklərdən, söz açmışdır.
Qeyd etmişdir ki, ölkə prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyində, onun ətrafında cəmləşərək dəmir yumruq olan rəşadətli ordumuzun gücü, bütün xalqımızın səyləri ilə azad olunan torpaqlarımızda hazırda genişmiqyaslı bərpa işləri həyata keçirilir, ərazilərimizdə ermənilərin qurduqları 1 milyondan artıq minaların zərərsizləşdirilməsi davam edir.
QMİ sədri bildirmişdir ki, darmadağınla məğlub edilərək torpaqlarımızdan qovulan ermənilər bu gün də öz məkrli niyyət və əməllərindən qalmır, revanşizm siyasətini aparır və Azərbaycana qarşı yalan və böhtan kampaniyaları aparır. Üstəlik, bu kampaniyalara bir çox halda erməni kilsəsinin rəhbərliyi öncülük edir.
Şeyxülislam həzrətləri Səudiyyə Ərəbistan rəhbərliyinə və onun xalqına haqq-ədalət mövqeyindən çıxış edərək Azərbaycanın yanında olduğuna görə minnətdarlığını dilə gətirmişdir.
Görüşün sonunda QMİ sədri SƏK İslam işləri, Dəvət və İrşad nazirliyinin rəhbərlərini Azərbaycana dəvət etmişdir. Səudiyyə tərəfi dəvəti məmnuniyyətlə qəbul etmişdir.
        
         
 Martın 24-də  QMİ sədri səfərin yekunları, keçirilən görüşlərin nəticələri barədə “Əl Ərəbiyyə” telekanalına müsahibə verib.
 Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə müsahibədə növbəti dəfə Səudiyyə Ərəbistanı Krallığında olmaqdan məmnunluğunu ifadə edib, dəvətə görə İslam işləri, dəvət və irşad naziri, dostu, qardaşı, cənab Şeyx Əbdüllətif Al Əş-Şeyxə minnətdarlığını bildirib. Bu ölkədə yaşayan din qardaşlarına Azərbaycan müsəlmanlarının salam-dualarını yetirib, onlara müqəddəs Ramazan ayının başlaması münasibəti ilə təbriklərini çatdırıb.
Bütün dünya müsəlmanları üçün böyük önəm kəsb edən bu ölkəni ilk dəfə 1975-ci ildə ziyarət etdiyini xatırladan Şeyxülislam həzrətləri ötən 50 ilə yaxın müddətdə Səudiyyə Ərəbistanı Krallığının böyük inkişaf yolu keçdiyini bildirib: “Mən bu müqəddəs ölkənin dünənini də yaxşı xatırlayır, bu gününü görür, işıqlı gələcəyinə də inanıram. Ölkədə bütün sahələri əhatə edən inkişaf, xüsusi ilə müqəddəs məkanlarda aparılan nəhəng quruculuq işləri, zəvvarlar üçün yaradılan şərait göz önündədir. Təbii ki, bütün bu inkişafa Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Ocağın Xadimi, Vəliəhd Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun rəhbərliyi sayəsində nail olunub. Bu tərəqqinin davamlı olması, iki dost və qardaş ölkə- Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında bütün sahələri əhatə edən əlaqələrin daha da inkişafı üçün dualar edirəm”.
Kral Salman bin Əbdüləziz, o cümlədən Vəlihədlə Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev arasında olan dostluq münasibətləri iki dövlət arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə inamımızı daha da artıtır”.
Şeyxülislam Allahşükür Paşazadə rəsmi Ər-Riyadın dünyada dinlər və məzhəblər arasında dialoqun inkişafınakı rolunu da yüksək qiymətləndirib: “Təəssüf ki, bu gün dünyada bəzi qüvvələr İslamdan siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərir. Bunun yolverilməz olduğunu daim diqqətə çatdırılmasında, İslamın əsl mahiyyətinin doğru-düzgün təbliğ edilməsində, dinlər və məzhəblər arasında dialoqun gücləndirilməsində Səudiyyə Ərəbistanı Krallığının atdığı müsbət addımlar təqdirə layiqdir. Ölkənin İslam işləri, dəvət və irşad nazirliyinin, onun rəhbərliyinin bu sahədə mühüm işlər gördüyünün şahidiyəm. Qazaxıstan Respublikasında Dünya və Ənənəvi Dinlərin VII Qurultayında iştirak edərkən bunu bir daha gördüm”.
QMİ sədri rəhbərlik etdiyi dini mərkəzlə Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, Dəvət və İrşad Nazirliyi arasında əlaqələri yüksək qiymətləndirib, aparılan danışıqların gələcəkdə mühüm töhfələr verəcəyinə inandığını bildirib, naziri Azərbaycana dəvət edib: “Azərbaycan nümayəndə heyətinin dəvət olunması, burada keçirdiyimiz görüşlər ümumi işimizə fayda verəcək inşallah. Cənab nazirə, dostum, qardaşım Şeyx Əbdüllətif Al Əs-Şeyxə bu sahədə daha böyük uğurlar arzulayıram, onu tezliklə Bakıda görməkdən məmnun olardım”.
Əvvəlki məqalə

“Santa-Barbara”serialının qəhrəmanları indi hardadır? –

Sonrakı məqalə

Ceyhun Bayramov və Çavuşoğlu regional vəziyyəti müzakirə edib