“Şeyxülislam tolerantlığa dəstək verdiyinə görə hədəf seçilib” –İnternetdə dini rəhbərə qarşı müzakirələri hansı qüvvələr açır?

Azərbaycanda koronavirusla bağlı mürəkkəb günlərin yaşandığı bir dönəmdə onun sabit ictimai-siyasi həyatına müdaxilə cəhdləri də səngimir. Bu tendensiya özünü sosial şəbəkələrdə və müxtəlif videoresurslarda açıq büruzə verir.

Azərbaycan cəmiyyətinin etimad etdiyi ictimai-siyasi,dini şəxslərin “vitrinini” hədəfə alan bu qüvvələr ən müxtəlif metodlarla fəaliyyət göstərir.

Bu hədəflərdən biri ölkənin etnik və dini müstəvisidir.  Bu zəmində təxribatçı çıxışlar yayan həmin qüvvələr sosial platforma üzərində süni mübahisələr yaradaraq bu müzakirələri bilərəkdən qızışdırır,  müxtəlif xalqların, dini inanclı insanların ünvanına aşağılayıcı ifadələr işlədir və təhqirlər yağdırırlar.

Öz tolerant mühiti ilə seçilən Azərbaycan dövləti müxtəlif dinlərin və xalqların birgə yaşadığı məkandır. Prezident İlham Əliyevin bu yöndə yürütdüyü siyasət müxtəlif dinlərin nümayəndələrinin birgə əməkdaşlıq fəaliyyətində özünü büruzə verir. Dövlət siyasətini fəal dəstəkləyən Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Allahşükür Paşazadə bu baxımdan həmin qüvvələrin hədəfinə çevrilib.

Bbir neçə müddətdir ki, internet üzərində yayımlanan müxtəlif müraciətlərdə Şeyxülislamın ünvanına böhtanlar yağdırılır və yalan məlumatlar tirajlanır.  Bu fonda açılan müzakirələrdə Azərbaycanda dini müstəvidə olan vəziyyət təftiş olunur, saxta informasiyalar verilir, radikal çağırışlar səslənir.

Ölkənin tanınan ictimai-siyasi şəxsləri bununla bağlı verdikləri açıqlamalarında bunun təsadüfi olmadığını vurğulayırlar. Bu hucumların arxasında Azərbaycanda sabitiliyin pozulmasını istəyən, həyata keçirilən mulkulturalizm siyasətinə qarşı olan qüvvələrin durduğunu bildirirlər.  Bəlli olduğu kimi Şeyxülislam Allahşükür Paşazadə müxtəlif konfessiyaların və məzhəblərin birgə əməkdaşlığını dəstəkləyən dini lider olmaqla dünyada diqqəti çəkə bilib. Onun dini şüarlar altında məzhəb ayrıseçkiliyi salanlara qarşı sərt müqaviməti,  dövlət-din əməkdaşlığında mühüm həlqə olması həmin qüvvələri qıcıqlandıran amildir.

Bu baxımdan QMİ sədrinə olan bu hucumlar təsadüfi sayılmır.

Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli hesab edir ki, aparılan kampaniya səbəbsiz deyil: “Böhtan xarakterli məlumatları cəmiyyətə yeritməyə səy göstərilir. Bütün bunlar təşkil olunmuş təxribatdır. Kənardan Azərbaycanda milli-dini zəmində qarşıdurma, inamsızlıq yaratmağa hesablanmış addımlardır. Cəmiyyət birmənalı şəkildə bunu pisləməlidir. Təhqir acizliyin göstəricisidir”. 

Hacı Şahinin sözlərinə görə, xüsusən bu çətin günlərdə belə təxribatçı cəhdlərin  Azərbaycan cəmiyyətinə kənardan yeridilməsi hansısa çirkin məqsədlərə xidmət edir: “Ən başlıca məsələ isə cəmiyyət içində tanınmış şəxsləri hədəfə almaq, xalqın dəyərlərinə əl uzatmaqdır. Bu kimi hallara qarşı cəmiyyət ayıq olmalıdır. Bunun təxribat olduğunu bilməldir”.

Hacı Şahin bildirib ki, dini rəhbərlərin cəmiyyətdə münasibətləri tarazlaşdırmaqda rolu mühümdür. QMİ sədri Allahşükür Paşazadə də bu istiqamətdə çalışıır. İlahiyatçının fikrincə, Şeyxülislama qarşı olan hucumlar bundan qaynaqlanır: “Ölkədə dini qruplar arasında münaqişə yaratmaq istəyən qruplar var. Bunlar əsasən kənardan, Avropa ölkələrindən idarə olunan bəzi qruplardır. Onlar Azərbaycanda mövcud olan barış mühitinin olmasını istəmirlər. Şeyxülislam  dünyada tanınmış şəxsiyyətdir, Azərbaycanda dövlət-din münasibətlərinə  böyük töhfə vermiş dini liderdir. Heç şübhəsiz belə şəxsləri ləkələməklə onlar həmin dinlərarası və məzhəblərarası münasibətləri zədələmək istəyirlər. Bu, hazırda dünyada dini motivli münaqişələrlin alovlandığı bir məqamda ciddi təhlükədir”.

Hacı Şahin hesab edir ki, insanlar ayıq olmalı, təhqir birmənalı şəkildə pislənməldir: “Təhqir insan şəxsiyyətinə qarşı terrordur”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikrincə, Azərbaycanı milli və dini zəmində qarşıdurmaya sövq edənlərin bu hucumlarını və  böhtanlarını heç bir halda həvəskar işi adlandırmaq olmaz: “Bu, xarici xüsusi xidmət orqanlarınının əlində oyuncağa çevrilmiş müəyyən qruplaşmalarının Azərbaycan dövlətçiliyinə, multkulturalizmin Azərbaycan modelinə qarşı çevrilən bir sui-qəsd hərəkətidir”.

Q. Hüseynlinin sözlərinə görə, tolerant ölkə olan Azərbaycanın multkultural modeli bütün dünya üçün nümunədir. Ölkəmizdə etnik, dini və digər əlamətlərə görə bölünməsi məsələsi yoxdur. “Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri azərbaycançılıq ideyası ətrafında birləşiblər. Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma özünü büruzə verməyib. Bu məsələni kimlər qaldırırsa onlar xarici ölkələrin əlində alət olan adamlardır. Azərbaycan bəlkə də yeganə ölkədir ki, bütün dini konfessiyaların ibadət evləri var. Dünyanın ən böyük sinaqoqu Azərbaycandadır”.

Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin sədrinə qarşı böhtanlarda həmin qüvvələrin əli olduğunu deyən Q.Hüseynli  deyib ki, Şeyxülislam Allahşükür Paşazadə uzun illərdir bu vəzifədə çalışır: “Şeyxulislam ölkədə tolerantlıq mühitinin formalaşmasında, islam dininin, insanlar arasında əxlaqi dəyərlərin təbliğində böyük rol oynayır. Buna görə hörmətli Şeyx hədəf seçilib”.

Politoloqun sözlərinə görə, hansısa qüvvələr Azərbaycan dövlətçiliyinin özülünü sarsıtmağa çalışır: “Burada bir neçə hədəf seçilib. Onlardan biri də dini hədəfdir. Dini hədəfin başında da Şeyxülislam durur. Odur ki, zərbələr dövlətçiliyin qorunmasına xidmət edən çox mühüm şəxslərdən birinə qarşı çevrilib. Bu cür siyasət bu təxribatçı dairələrin bəd niyyətindən xəbər verir”.

Qabil Hüseynlinin fikrincə, Azərbaycanda etnik və dini zəmində münaqişə salmaq istəyənlər öz niyyətlərinə çata bilməyəcəklər. Politoloq vurğulayıb ki, Azərbaycan dövləti doğru siyasət yürüdr. Bu siyasət ölkədəki  bütün millət və xalqların, inanclı adamlarının maraqlarını təmsil edən bir siyasətdir: “Bizdə dini və etnik ayrı -seçkiliyə yer yoxdur. Talış, ləzgi, türklər, digər xalqlar bütünləşib və azərbaycançılıq ideologiyası ətrafında möhkəm bir seqment yaradıblar. Bunu asanlıqla pozmaq mümkün deyil. Tarix boyu bu xalqlar bir yerdə yaşayıb. Onları birləşdirən cəhətlər onları ayıra biləcək cəhətlərdən qat-qat çoxdur. Bu baxımdan, belə möhkəm bünövərəni heç kim dağıda bilməz”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şabranda ana və oğlu güllələnərək öldürülüb

Sonrakı məqalə

Nyu-York qubernatoru koronavirusla bağlı son ölüm sayından heyrətə gəldi: