Telekanallarda, saytlarda dini mövzularda şərhlər verən, xütbələr deyən cavan, yeni nəsil din xadimlərinin çıxışları diqqətdən kənardan qalmır.
Qafqaz Müsəlmanları İdarəsinin rəsmi səhifəsində, Seyxülislam Allahşükür Paşazadənin sosial şəbəkədə rəsmi səhifəsində, TV-lərdə, xəbər saytlarında cavan din xadimlərinin çıxışlarının, moizələrinin şahidi oluruq.
Bu sahə üzrə vərdiş etdiyimiz “vitrin” ciddi sürətdə dəyişməkdədir. Azərbaycan dilində səlis danışan, müqəddəs kəlamların insan fəaliyyətində yerini izah edə biləcək din xadimlərinin cərgəsinin artması maraqlı tendensiyadır.
20 il əvvəl məscidlərdə ciddi kadr çatışmamazlığı ilə üzləşən bu sektor son illərdə önə çıxan dini icma rəhbərlərinin siyahısını cəmiyyətə təqdim etməkdədir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin bu illər ərzində səbrlə formalaşdırmağa çalışdığı milli ruhani təbəqəsi artıq özünün bəhrələrini verir. Savadı və dini bilikləri ilə seçilən belə cavan din xadimləri, axundlar, imamlar məscid minbərlərində, müqəddəs məkanlarda, ictimai yerlərdə, virtual məkanda dinə dair suallara arqumentli və savadlı izahları ilə rəğbət qazanıblar.
Ölkənin bütün məscidlərində demək olar ki, Azərbaycanın yetişdirdiyi, təhsil verdiyi şəxslər ən incə və həssas məsələ sayılan inanclı kəsimin idarə olunmasına cəlb olunublar.
Qeyd edək ki, Azərbaycanda ümumilikdə iki minə yaxın məscid var. Onlardan 1000-dən çox məsciddə Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi axund və müftilər fəaliyyət göstərir.
QMİ və dövlət qurumlarının dini təhsil sahəsində apardıqları islahatlar nəticəsində bu istiqamətdə birlikdə xeyli iş görülüb və bu gün də davam etdirilir. Milli dini təhsil sistemimizə söykənən bu islahatlar adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz, Azərbaycançılıq konsepsiyası çərçivəsində ifadə olunur.
Milli və gənc din xadimlərinin yeni nəslinin irəli çəkilməsi ölkədə ənənəvi etiqadın davamlılığı və dini müstəvini yad təsirlərdən qorumaq üçün vacib amildir. Odur ki, milli-dini modelin günün tələblərinə uyğun formalaşması mühüm çağırışlardandır.
Bu gün məscidlərdə fəaliyyət göstərən axund və imamların hər biri yerli təhsili olan insanlardır. Amma birdən-birə bütün bölgələri peşəkar, savadlı din xadimləri ilə təmin etmək mümkün olmur. Bu, davamlı prosesdir. Məscidlərdə QMİ-nin təyinatı ilə işləyən din xadimlərinin daim attestasiyası keçirilir. Onların təhsillli olması, təkmilləşməsi də diqqətdə olan məsələlərdəndir.
Cavan kadrlara Şeyxülislamın xeyir-duası ilə məscidlərdə dini kəsimə rəhbərlik etmək tapşırılıb. Yüksək səviyyədə dini təhsili olan belə şəxslər avanturist dairələrin cəmiyyətdə salmaq istədikləri parçalama cəhdlərinə qarşı ciddi müqavimət göstərir, vahidlik və tolerantlıq prinsiplərindən çıxış edirlər.
Din xadimlərinin yeni nəsli icma arasında etimad qazana bilirlər.
Gənc din xadimlərinə diqqət mühüm jest sayılmalıdır. A.Paşazadənin yön verdiyi bu proses dini camedə islahatların bir indikatoru hesab oluna bilər. Məscidlər ibadət evi olaraq ən müxtəlif adamların üzünə açıqdır. Bura gələnlərin sosial, psixolji əhval-ruhiyyəsini idarə etmək bacarığı, ən müxtəlif mövzulu suallarına cavab verməyə hazır olmaq ruhani xadim üçün vacib göstəricidir.
Dinin cəmiyyət həyatının idarəçiliyində tutduğu yol danılmazdır. Dövlətin təhlükəsizliyinin mühüm aspektlərindən olan bu sahədə ictimai etimada malik, dövlətçi kadrların irəli çəkilməsi dövlət və din arasında etimad körpüsünü yaradır. Savadlı gənc din xadimləri daim suallara cavab axtaran cavanlar üçün bir bir lokomotivdir. Ona veriləcək cavab, düşündürən məsələlərin açıq və aydın izah olunması rəğbəti artırır və din xadimini söz sahibinə çevirir. QMİ sədri gənc kadrları irəli çəkməklə müstəqil Azərbaycanın milli -dini elitasının yeni nəslini təqdim edir və fundamenti möhkəmləndirir. Bu isə kənardan ixrac olunan “saf inanc” ovçularının qarşısna möhkəm sipərin çəkilməsidir.
Bu məsələdə dövlətlə çiyin-çiyinə verən QMİ cəmiyyətin mənəvi rahatlığında əvəzsiz rol oynayan din xadimləri üçün yaxşı imkanlar açır. Xalqın qarşısına çıxan savadlı din xadimi təkcə öz əqidəsinin deyil, dövlətin maraqlarının təmsilçisinə çevrilir.
Aydın Əliyev