Şeyxülislamın sözləri yanlış dəyərləndirilir…”-Türkiyənin millət vəkili Şamil Ayrım

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Qurban bayramı günü Təzəpir məscidində dindarlar qarşısında çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğana, qardaş Türkiyəyə və qonşu İrana, onun dini rəhbərinə təşəkkür etməsi ətrafında qaldırılan kampaniya Türkiyədə də təəssüflə qarşılanıb.

Qeyd edək ki, sosial şəbəkədə QMİ sədrinin çıxışını təhrif etməklə guya Türkiyənin adının çəkmədiyini, dolayısı ilə qardaş ölkənin əleyhinə mövqe nümayiş etdirdiyi barədə əsassız ittihamlar yer aldı.

Azpost.info bildirir ki, Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım açıqlamasında QMİ sədrinə qarşı aparılan bu kampaniyaya etirazını bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Türkiyənin həmrəyliyi və 3 min şəhid verərək 30 ildir işğal altında olan torpaqlarını azad etdi. 15 iyunda Türkiyə və Azərbaycan prezidentləri tərəfindən imzalanan Bəyannamə ilə Türkiyə – Azərbaycanın sarsılmaz dostluğu və qardaşlığı bir daha təsdiq olundu.

“Son zamanlar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Təzəpir məscidində verdiyi açıqlamanın yanlış dəyərləndirildiyini görürəm.  Bu dəyərləndirmələri Türkiyə və Azərbaycan qardaşlığına qarşı edilən bir dəyərləndirmə kimi qəbul edirəm”- deyə millət vəkili vurğulayıb.

Ş.Ayrımın sözlərinə görə, QMİ sədrini 25 ildir tanıyırlar: “Şeyxülislam Allahşükür Paşazadə tutduğu məqam baxımından həmişə dediklərinə diqqət edən, fərqində olan bir şəxsiyyətdir. Şeyx bir dini öndərdir. Türk dünyasında çəkisi olan, islam coğrafiyasında sevilən bir şəxsdir. Şeyxülislamın verdiyi açıqlama tam olaraq Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin sözləri ilə üst-üstə düşür”.

Millət vəkili qeyd edib ki, İran Azərbaycanın qonşusudur: “İranın gec də olsa Azərbaycana dəstək verməsi başda Türkiyə olmaqla türk dünyasını və Azərbaycanı sevindirib. Qafqazlarda dostluğun, qardaşlığın, rifahın və sabitliyin qalıcı olması, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr Bəyanatı baxımından önəmlidir”.

Ş.Ayrım bildirib ki, Allahşükür Paşazadənin prezident Ərdoğana olan səmimi duyğularını yaxından bilənlərdəndir: “Yanğınla mübarizə apardığımız bu günlərdə Azərbaycan Türkiyə əlaqələrini pozmağa heç kimin gücü çatmayacaq. Bunu unutmamalıyıq: Güclü Azərbaycan güclü Türkiyə, güclü Türkiyə güclü Azərbaycan deməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bərdədə azyaşlı qızı zorlamaqda şübhəl bilinən şəxs həbs edilib –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 431 nəfər COVID-19-a yoluxub –