Shell şirkəti qaz təchizatında gecikmələr səbəbindən müştəriləri üçün fors-major vəziyyət elan edib.
Reuters xəbər verir ki, Britaniya şirkəti Qətərin ötən həftə öz obyektlərində mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını dayandırmasından sonra öhdəliklərdən azad edən müqavilə bəndinə istinad edir.
Dünyanın ən böyük LNG treyderi olan Shell neft emalı zavodlarına edilən huucmlardan sonra özü fors-major vəziyyət elan edən QatarEnergy-dən qaz ala bilmir.
Bu bənd müqavilə öhdəliklərinin yerinə yetirilməsinə təsir edən fövqəladə və gözlənilməz hadisələr baş verdikdə şirkətləri məsuliyyətdən qoruyur.
Analitiklərin hesablamalarına görə, Shell Qətərdən ildə təxminən 6,8 milyon ton LNG alır. Həmçinin fors-major vəziyyət elan etdiyi bildirilən TotalEnergies, 5,2 milyon ton alır və dünya üzrə müştərilərə qaz satır.
Qətərin enerji naziri Saad əl-Kaabi ötən həftə Financial Times qəzetinə verdiyi açıqlamada müharibə bu gün bitsə belə normal təchizatın bərpasının “həftələrdən aylara” qədər vaxt aparacağını bildirib.