“Silahın dəstəyi ilə Elmar Vəliyevin başından vurdum” –Yunis Səfərov məhkəmədə ifadə verdi 

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərov məhkəmədə bildirib ki, həmin vaxt polis əməkdaşına xəsarət yetirmək niyyətində olmayıb.

Azpost.info Azadlıq Radiosuna istinadən bildirir ki, bu barədə o, noyabrın 5-6-da məhkəmədə prokurorun suallarını cavablandırarkən danışıb: “Burada deyir ki, icra başçısının mühafizəçisi deyiləm. Yalandır, ona cangüdənlik edirdi.  İcra başçısı işdən çıxan vaxt getdim, icra hakimiyyətinin pilləkənləri ilə çıxanda ətrafdakı polislər soruşdular ki, hara gedirsən? Həmin vaxt Elmar Vəliyev də çıxırdı, bu da yanında. Bu, mənə tərəf gələndə məcbur olub silahı çıxartdım. Düşündüm ki, çəkilər, amma çəkilmədi. Bir dəfə vurdum, yıxılmadı, ikinci dəfə atəş açdım. Düz Elmarın yanına gəldim, aramızda heç bir metr məsafə olmazdı. Silahı çəkdim, açılmadı. Gördüm güllə atmır, silahın dəstəyindən tutub başından vurdum”.

Y.Səfərov deyir ki, icra başçısını vurmaq onun öz planı olub, digərlərinin bu məsələyə aidiyyəti yoxdur.

Gəncədə baş verənlərdən sonra belə bir məlumat yayılmışdı ki, Y.Səfərovun qadın ailə üzvləri icra başçısının qəbuluna gedib, orada kobudluqla qarşılaşıb. Bu üzdən Y.Səfərov qisas alıb. Amma özü bu haqda deyilənlərin yalan olduğunu deyib: “İstəyirdilər ki, bu hadisənin şəxsi qisasçılıq zəminində baş verdiyi görüntüsünü yaratsınlar. Halbuki, hamısı yaxşı bilirdi ki, belə deyil. Sanki böyük bir yanğın baş verir, mən də istəmişəm ki, ora heç olmasa, yarım vedrə su atmaqla əlimdən gələni edim…”.

Y.Səfərov İranın Qum şəhərində ailəsi ilə birlikdə kirayə qaldığını təsdiqləyib. O bildirib ki, həmin şəhərdə təhsil alıb.

O, digər təqsirləndirilən şəxslərlə bağlı və bir sıra başqa suallara cavab verməkdən imtina edib.

Y.Səfərovun dindirməsi davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənilər Azərbaycanın Estoniyadakı səfirliyinə qarşı təxribat törədib

Sonrakı məqalə

Daha 16 kənd işğaldan azad edildi –