“Azərbaycanda sirk sahəsində mütəxəssislər yetişdirən təhsil müəssisəsi yoxdur. Belə müəssisələr sovetlər dönəmində keçmiş SSRİ-nin bir sıra şəhərlərində olub”.
Azpost.info bildirir ki, bu sözləri Bakı Dövlət Sirkinin direktor əvəzi Nahid Ağayev Azərtac-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkəmizdə sirk sahəsinə əsasən yeniyetmələr, gənclər gəlirlər: “Dəfələrlə işə qəbulla bağlı müsabiqələr elan etmişik və nəticədə bəzi yeniyetmələr sirkə cəlb olunub. Bunlar əsasən idmançılar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olur”.
N.Ağayev bildirib ki, özümüzdə sirk məktəbi olmasa da peşəkar sirk ustaları gəncləri əsl mütəxəssis kimi yetişdirə bilir: “Hazırda sirkdə boş iş yerləri var. Fürsətdən istifadə edib bir daha gənclərə müraciət edirəm – özündə bacarıq, istedad hiss edən, fiziki cəhətdən sağlam gənclər işlə bağlı Bakı Dövlət Sirkinə müraciət edə bilərlər”.
Hazırda Bakı Dövlət Sirkində 30 nəfərdən ibarət yaradıcı heyət yeri var. bu heyətin kiçik bir qismi fəaliyyət göstərir.
Bakı Dövlət Sirkində heyvanların saxlanılması üçün yer olmasına baxmayaraq hazırda istifadə edilmir: “Bu yerlərdən ancaq haradansa sirk truppaları gələndə istifadə olunur. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərinə sirkdə atlı attraksion olan məşhur proqram vardı. O vaxt burada atlar saxlanılıb, yetişdirilib, öyrədilib. Ondan sonra Bakı Dövlət Sirkində heyvan saxlanılmayıb”.
Azpost.info