“Qarabağ Zəfərinin – tarixə yazılan bu Qarabağ Zəfərinin qəlbimizdəki sevinci ilə buradayıq. Min ildən sonra da Sizin adınız tarixdə uşaqlar tərəfindən tərənnüm ediləcək və uşaqlar Sizin adınızı, xalqın, şəhid olan əsgərlərimizin adını əzbər söyləyəcəklər, İnşallah. Bu, küçələrə çıxan bütün Türk vətəndaşlarının son dövrlərdə yaşadığı ən böyük sevincdir və biz çox xoşbəxtik”.
Azpost.info bildirir ki, bu sözləri Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk Prezident İlham Əliyevlə görüşü zamanı bildirib.
Nazir deyib ki, bizim aramızdakı təhsil proqramları, təhsilin inkişafı, gələcəklə bağlı görüləcək işlərlə əlaqədar heç bir problem ola bilməz: “Biz hamısını həll edərik. Mən bunların texniki tərəfləri ilə Sizi məşğul etmək istəmirəm. Həmkarım, dostumla birlikdə biz nə lazımdırsa, artıqlaması ilə edərik. Heç narahatlığınız olmasın. Sizin əmrləriniz bizim üçün kifayətdir. Bu çərçivədə peşə fəaliyyəti ilə bağlı imzaladığımız protokol da hazırda həyata keçirilir. Bu gün də onunla bağlı müzakirələri davam etdirəcəyik. Bizim əlaqələrimiz, münasibətimiz rəsmi münasibətdən də yüksək səviyyədə davam edir. Proseslərin, işlərin sürətləndirilməsi üçün nə lazımdırsa, birlikdə edirik”.