Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və SOCAR nümayəndə heyəti Kot-d’İvuarın rəsmiləri ilə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Azpost.info xəbər verir ki, bu barədə SOCAR məlumat yayır.
Görüşlərdə xüsusilə Baleine neft-qaz yatağının işlənməsi layihəsində SOCAR-ın 10% pay alması, layihənin inkişaf mərhələləri və hasilat imkanları barədə fikir mübadiləsi aparılıb.
Layihənin SOCAR-ın Afrikadakı fəaliyyətini genişləndirməsi və beynəlxalq enerji bazarında mövqeyini gücləndirməsi baxımından strateji əhəmiyyət daşıdığı vurğulanıb.
Baleine yatağı 2021-ci ildə Kot-d’İvuar sahillərində kəşf olunmuş və Qərbi Afrikada son illərin ən böyük dəniz (offshore) neft-qaz layihələrindən biri hesab olunur. Layihənin operatoru Eni şirkətidir və yatağın ehtiyatlarının təxminən 2.5 milyard barrel neft və 3.3 trilyon kub fut qaz olduğu qiymətləndirilir.
Yatağın işlənməsi mərhələli şəkildə həyata keçirilir və layihənin tam inkişafından sonra gündəlik hasilatın təxminən 150 min barrel neft və 200 milyon kub fut qaz səviyyəsinə çatdırılması planlaşdırılır. Layihə həm Kot-d’İvuarın enerji sektorunun inkişafı, həm də ölkənin regional enerji bazarındakı rolunun güclənməsi baxımından strateji əhəmiyyət daşıyır.
Baleine yatağında əsasən üç şirkət iştirak edir. Belə ki, layihənin operatoru olan “Eni”, ticarət və enerji şirkəti “Vitol” və Kot-d’İvuarın dövlət neft şirkəti “PetroCI”.
