“SOCAR Marine” beynəlxalq dəniz yanacağı bazarında liderliyi ələ keçirib

2013-cü ildən beynəlxalq dəniz yanacağı sektorunda fəaliyyət göstərən “SOCAR Marine” şirkəti 2019-cu ildə 600 min tonluq satışla sektorun lideri oldu. Sektorun gənc iştirakçısı olan bu şirkətin bazar payı 25%-i ötüb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Turkey”in sərmayələrinə paralel olaraq sürətlə böyüyən “SOCAR Marine” markası beynəlxalq dəniz yanacağı sektorunun liderliyinə yüksəlib. 2019-cu ildə şirkətin satışları 600 min tonluq həcmi aşıb. Türk boğazlarından keçən, Türkiyə limanlarında yük əməliyyatlarını yerinə yetirərək xaricə çıxan, yaxud da ölkəyə daxil olan gəmilərə satışları əhatə edən bu həcmlə şirkətin bazardakı payı 25%-dən artıq oldu.

Türkiyədə 7 ildən çox fəaliyyət göstərən “SOCAR Marine”nin Dəniz Satışlarının Direktoru Zəki Tarakçı deyib: “Sektorda yeni iştirakçılardan olmağımıza baxmayaraq, yüksək keyfiyyətli məhsul və xidmət anlayışımız, müştərilərimizi və onların ehtiyaclarını daim diqqət mərkəzində saxlamağımız qısa müddətdə lider mövqeyi i əldə etməyimizə imkan yaratdı. Bu gün Türkiyənin Qara dəniz, Mərmərə dənizi, Egey və Aralıq dənizi bölgələri ilə yanaşı Cəbəlütariqdən Sinqapura, Rotterdamdan Cənubi Afrikaya qədər bütün beynəlxalq limanlarda həyata keçirdiyimiz yanacaqdoldurma fəaliyyəti SOCAR MARINE markasının beynəlxalq müstəvidə gücünü günbəgün daha yüksək səviyyəyə qaldırır. Əldə etdiyimiz bu güclü mövqe 2020-ci ildən etibarən daxili bazarın dənizçilik sektorunda da fəaliyyətə başlamağımıza imkan verir. Bu çərçivədə ölkədaxili yük və sərnişin daşıması ilə məşğul olan dənizçilik şirkətlərinin, turizm gəmilərinin və balıqçıların ehtiyaclarını ödəyə biləcək xidmətlərimiz və rəqabətədavamlı yanaşmamız ilə bu sektorda da fərqlənəcəyimizə inanırıq”.

Beynəlxalq bazarlarda, ilk növbədə Türkiyədə dəniz və enerji sektorlarında daim keyfiyyətli xidmət göstərməyi hədəfləyən “SOCAR Mrine” liderliyə gedən yolda ən böyük sinerjini “SOCAR Türkiyə”nin həyata keçirdiyi nəhəng layihələr hesabına qazandı. 2018-ci ildə fəaliyyətə başlayan beynəlxalq səviyyəli enerji layihələri – TANAP və “Star” neft emalı zavodu ilə yanaşı “Petkim” və “SOCAR Depolama”nın sahib olduğu limanlar vasitəsi ilə “SOCAR Terminal”dakı gəmilərə xidmət göstərən və dünyanın qabaqcıl enerji şirkətlərindən olan SOCAR, dənizçilik sahəsində də Türkiyənin ən mühüm şirkətləri arasında yer alır. SOCAR bu gün artıq “SOCAR Marine” markasını gücləndirərək, yalnız Türkiyənin deyil, Aralıq dənizi hövzəsinin ən böyük şirkətinə çevrilmək istiqamətində möhkəm addımlarla irəliləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Almaniyada 50 minə yaxın qoruyucu maska oğurlanıb

Sonrakı məqalə

UEFA AVRO-2020 ilə bağlı otel bronlarını ləğv edib