Qlobal ərzaq qiymətləri indeksi son 5 ayda ilk dəfə artıb.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
Bildirilir ki, fevral ayında qlobal ərzaq qiymətləri indeksi yanvarla müqayisədə 0,9 faiz artıb, illik müqayisədə isə 1 faiz azalaraq 125,3 bənd təşkil edib. Bu, dənli bitkilərin, ətin və bitki yağlarının qiymətlərinin artması ilə əlaqədardır.
Belə ki, ötən ay taxılın qiymət indeksi 1,1 faiz, o cümlədən buğda qiymətləri 1,8 faiz artıb. Qarğıdalı qiymətləri və düyü qiymət indeksində də artım müşahidə olunub. Bitki yağı qiymət indeksi aylıq müqayisədə 3,3 faiz, illik əsasda isə 11,7 faiz artaraq 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatıb. Ət qiymətləri indeksi aylıq 0,8 faiz, illik müqayisədə 8 faiz artıb.
Fevralda süd məhsulları qiymət indeksi isə əvvəlki aya görə 1,2 faiz, illik müqayisədə 19,2 faiz azalıb. Qiymətdəki bu azalma 2025-ci ilin iyul ayında başlayan eniş tendensiyasının davam etdiyini göstərir. Şəkər tozu qiymət indeksində də aylıq müqayisədə 4,1 faiz, illik müqayisədə 27,3 faiz azalma qeydə alınıb. İndeks ardıcıl ikinci aydır azalır və 2020-ci ilin oktyabr ayından bəri ən aşağı səviyyədədir.