“Sosial hüquqların araşdırılması” İctimai Birliyi “Müharibədən zərər görmüş şəxslərə hüquqi yardım xidmətinin təşkili” adlı layihənin icrasına başladı.
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müharibədən zərər görmüş şəxslərə hüquqi yardım xidmətinin təşkili” adlı layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi Müharibədən zərər görmüş şəxslərin (şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının və onların ailələrinin) sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması və onlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsindən ibarətdir. Layihə çərcivəsində Bakı şəhərində sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi, Vətən müharibəsindən zərər çəkmiş şəxslərin sosial hüquqları ilə bağlı məlumatlandıcı vəsaitin hazırlanması, Gəncə şəhəri və Tovuz rayonunda ödənişsiz hüquq yardım xidmətlərin təşkili, sosial sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tövsiyyələrin hazırlayaraq sosial müdafiə orqanlarına təqdim olunması kimi fəaliyyətlər həyata keçiriləcəkdir.
Layihə çərçivəsində Sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidməti göstəriləcək. Klinikaya may ayının 5-dən etibarən müraciət edilə bilər. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə Klinikada qəbul günləri həftənin I- V günləri, saat 10:00-dan 17:00-dək həyata keçiriləcəkdir.
Klinikanın ünvanı: Bakı şəhəri, A.M.Şərifzadə122/121
Əlaqə telefonları: mob: 055 612 85 45
Qeyd edək ki, “Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdı. Təşkilatın əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir.
Daha ətraflı: www.rsr.az