Azərbaycanda ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan vətəndaşlar növbəti dəfə sistem problemlərindən əziyyət çəkir. AzPost xəbər verir ki, vətəndaş bildirir ki, may ayının 27-də sosial yardım alanların əksəriyyəti ödənişi kartına mədaxil etsə də, onun kartına pul köçürülməyib.
Şikayətçi qeyd edir ki, DSMF tərəfindən ona bildiriş göndərilib. Bildirişdə yazılıb ki, əvvəlki kartının istifadə müddəti bitməyibsə, yardım həmin karta köçürüləcək. Kartın istifadə tarixi isə 2028-ci ilə qədər etibarlıdır. Lakin mayın 27-si olsa da, nə bankdan, nə də DSMF-dən dəqiq cavab almaq mümkün olmayıb.
Vətəndaş məsələ ilə bağlı əvvəlcə Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Orada ona Kapital Bank-a yönləndiriblər. Bankda isə gah “gözləyin”, gah da “sistemdə ödəniş görünmür” cavabı verilib. Hətta mobil tətbiqdə bildirişi göstərsə də, bank əməkdaşları bunun kömək etmədiyini bildiriblər.
“İki aydır bank və DSMF arasında qalmışam. Kreditlərimi ödəyirəm, amma dövlətin verdiyi yardımı ala bilmirəm. Hər dəfə bir bəhanə ilə göndərirlər”, – deyə vətəndaş bildirir.
Hazırda vətəndaş Kapital Bank-a yazılı sorğu ilə müraciət etməyə və e-gov.az portalında ödəniş statusunu yoxlamağa çalışır. Lakin süründürməçilik davam edir.
Qeyd edək ki, bu ilk belə hal deyil. Son aylarda sosial yardım alan bir neçə vətəndaş da bənzər problemlə üzləşib. Bəzi hallarda yardım vəsaiti gecikib, bəzən isə kart sistemlərində yaranan texniki problem səbəbindən ödənişlər həyata keçirilməyib.